Prezidentin işğaldan azad olunan torpaqlara hər səfəri qürurvericidir - Məşhur Məmmədov

15:59 01.09.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur”. Bu fikirləri hafta.az-a qəzetinə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili Məşhur Məmmədov deyib.

M.Məmmədov Azərbaycanın dövlət başçısının işğaldan işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 29-da Şuşaya növbəti səfər etməklə bu ərazilərin Azərbaycana aid olduğuna, xalqımızın bu torpaqlara artıq əbədi döndüklərinə dair növbəti dəfə bütün dünyaya açıq şəkildə mesaj ünvanlamış oldular. Görülən işlərin, həyata keçirilən layihələrin siyasi və iqtisadi əhəmiyyəti öz yerində, ancaq Ermənistanda revanşist qüvvələrin bəyanatları, çağırışları da Azərbaycan Prezidentinin diqqətindən kənarda qala bilməz. Və bu səfərlə bir daha dövlət başçısı işğalçı Ermənistana düz yola gəlməyə, bundan sonra da 44 günlük müharibədən bir nəticə çıxırmasalar, növbəti «dəmir yumruğun» zərbəsi daha ağır olacağını və xam xəyallar qurmaqdan çəkinməyə çağırıb. Dövlətimizin başçısı bildirib ki, bu gün Şuşa artıq dirçəlir: «Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya 14 yanvar, bu ilin yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki ondan, o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz 14 yanvarda mənim bura gəlməyimin çox böyük rəmzi mənası var idi və ilk səfərimdə buraya gəldim və ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. İçəridəki Vaqifin barelyefini sökmüşdülər, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, bütün başqa azad edilmiş torpaqlarda biz bunun şahidiyik və məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif poeziya günlərinə start veririk. Vaqif poeziya günləri də bərpa edildi, Xarıbülbül festivalı da bərpa edildi, bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik”.

M.Məmmədov onu da vurğulayıb ki, dövlət başçısı nəyi, nə vaxt, necə etməyi ona görə dəfələrlə vurğulayıb ki, çünki hər bir sözünü arxasında real işlər olur: «Şuşanın bərpası ilə bağlı ilk səfərim çərçivəsində bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər, 7 ay ərzində artıq çox böyük işlər görülüb və Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görür. Bəli, şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb və Şuşanın bərpası 14 yanvardan başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu 14 yanvarda gördük. Biz Füzulidən haradasa iki yarım-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, yüksəkgərginlikli xətlər Füzulidən gətirildi bura, yarımstansiya tikildi, yəni Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı, Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər Ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər Ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” oteli istifadəyə verildi və artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı. Ermənilər tərəfindən gülləboran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mənim tərəfimdən mərkəzi meydanda qoyuldu və dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Qeyd etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı göstəriş verildi”.

“Bir sözlə, dövlət başçımızın dediyi kimi: "Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq. Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”,- deyən millət vəkili Məşhur Məmmədov bildirib ki, Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti onu deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.