Prezidentin Sərəncamına əsasən 2021-ci ildə mənə mənzil də verilib - II qrup müharibə əlili

11:39 04.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Mən bu gün də özümü Vətənimin patriot əsgəri bilirəm və bu gün də bir ayağımda, qolumda, başımda olan qəlpə yaralarına baxmayaraq, Ali Baş Komandan əmr versə ki, dur get vuruşmağa, can-başla gedərəm.

Bunu hafta.az-a açıqlamasında I Qarabağ müharibəsi qazisi, II qrup müharibə əlili Saleh Babayev bildirib.

Qazi əlilliyə görə müavinət və Prezident təqaüdü alır. Deyir ki, Prezidentin Sərəncamına əsasən 2021-ci ildə ona mənzil də verilib.

Bu günə qədər hər hansı bir məsələ ilə bağlı heç bir dövlət orqanına müraciət etmədiyini deyən qazimiz, bunun üçün elə bir istəyinin, şəraitin yetişmədiyini qeyd edib. Şükür edir ki, Vətən uğrunda savaşıb, şükür edir ki, bu gün onu dəstəkləyən insanlar olub, var.

S.Babayev bildirir ki, o, birdəfəlik ödəmələrlə bağlı bu günlərdə Yasamal ərazisində Dövlət Sosial Fonduna müraciət edib. DOST Mərkəzindən ona deyilib ki, birdəfəlik ödəmə ilə bağlı adı sistemdədir. Ayrılan vəsaiti almaq üçün ABB banka gedib, oradan hələ ki, vəsaitin banka daxil olmadığı bildirilib.

1992-ci ildən 1994-cü il yanvarın 6-na qədər Laçın-Füzuli istiqamətlərində döyüşlərdə iştirak edən S.Babayev Füzuli rayonunun Haramı düzündə başından, kürəyindən güllə yarası alıb. Deyir ki, 721-ci hərbi batalyonda tank komandiri olub. O, tank komandri Ayvat Vəliyevin adını çəkib.  Eyni zamanda onunla birgə döyüşlərdə iştirak edən, şəhadətə qovuşan Şəhidlər – Cavid Həsənovu, Kamandar Quliyevi, Kəmaləddin Ağayevi xatırlamağı özünə borc bilib.

“Laçının Dilican, Yuxarı Fərəcan, Aşağı Fərəcan   istiqamətlərində bir çox döyüşlərdə iştirak etmişəm. Füzulidə bütün döyüşlərində olmuşam. 1994-cü  il yanvarın 8-də yaralanmışam. Allah elimizdən razı olsun”.

44 günlük Zəfər savaşından qürurla danışan S.Babayev deyir ki, I Qarabağ savaşında aldığı yaralara baxmayaraq, II Qarabağ döyüşlərinə də qatılmaq istəyib. Yasamal Rayon Hərbi Komissarlığı onun döyüşə getməsini lazım bilməyib. Vətəndən ötrü canını verməkdən gözəl xoşbəxtlik varmı?”.