Rusiya Xəzərin suyunun tənzimlənməsində maraqlı olmalıdır"
“Xəzərin suyunun azalması Rusiyadan qaynaqlanır. Çünki Volqa çayı Rusiya ərazisindədir və ondan başqa məqsədlər üçün istifadə edilir. Eyni zamanda Xəzərin suyunun azalmasından ən çox əziyyət çəkən tərəflərdən biri elə Rusiya özüdür. Rusiya bu problemi aradan qaldırmaq üçün ciddi tədbirlər görməlidir”.
Bunu hafta.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Prezidentinin ABŞ-da BMT-nin 80-ci sessiyasında çıxışı zamanı Xəzərin suyunun azalmasının əsas səbəbinin iqlim dəyişikliyi olmaması ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini şərh edərkən bildirib.

Deputat qeyd edib ki, Xəzərin suyunun azalması ilə bağlı Xəzəryanı ölkələrin nazirlikləri səviyyəsində komissiya yaradılıb. O, mövcud problemin həmin komissiya tərəfindən təbii olaraq araşdırıldığını deyib:
“Son illər Xəzər dənizinin suyunun azalması daha da sürətlənib. Təbii ki, bu, Prezidentin də yüksək tribunadan söylədiyi kimi birbaşa iqlim dəyişmləri ilə bağlı deyil. Çünki Xəzərə tökülən suyun əsas hissəsi-80 faizi Volqa çayının üzərinə düşür. Volqadan digər məqsədlər üçün istifadə olunması suyun Xəzərə tökülən hissəsinin azalmasına gətirib çıxarır. Hələ sovetlər dövründə Ob və İrtış çaylarının Volqa vasitəsi ilə Xəzərə tökülməsi üçün layihə işlənib. Amma o zamanlar Xəzərin səviyyəsinin qalxması bu layihənin həyata keçirilməsinə şərait yaratmayıb. Bu gün həmin layihələrin yenidən işlənməsinə ehtiyac var. Xəzər təkcə Azərbaycanın deyil və bütün Xəzəryanı ölkələri narahat edir. Çünki bu, dünyamızın yaşaması üçün vacibdir. Ona görə də Azərbaycan Prezidentinn Xəzərlə bağlı məsələni beynəlxalq tribundan səsələndirməsi bir həyəcan təbili idi".
Deputat vurğulayıb ki, insanın, insanlığın yaşaması üçün təbiətin qorunması vacibdir, Xəzər dənizi də bunun bir hissəsidir:
"Xəzərin də Urmiya gölü, Aral gölü kimi qururmaması üçün xüsusi müaxilə olmalıdır. Ona görə də ilk növbdə Rusiya öz daxilində gedən proseslərdən asılı olmayaraq, Xəzərin suyunun səviyyəsinin tənzimlənməsində maraqlı olmalıdır. Çünki bunun fəlakəti digər fəlakətlərdən daha ağır ola bilər”.