Putin Baltaçı Məhmət Paşa - Katerina məsələsindən söz açdı

09:10 12.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin Türkiyə-Rusiya tarixində əsrlər boyu bir çox söz-söhbətlərə səbəb olan “Baltacı Məhmət Paşa - Katerina münasibəti”ni fərqli prizmadan şərh edib.

Hafta.az-ın Medyagunlugu.com-a istinadən yazdığına görə, “Rossiya-1” kanalının Kremlin xüsusi müxbiri Pavel Zarubinin təqdim etdiyi proqramda Özbəkistan prezidenti Şavkət Mirziyoyevi görüş üçün gözləyərkən divardakı nişan Putinin diqqətini çəkib. Müxbirə yaxınlaşan Putin Yekaterina zalının divarındakı nişanı göstərərək deyib: “Pavel, o nişanı görürsən? Onun adı “Sevgi və Vətən”dir. Rus ordusu türk ordusunun blokadasından çıxdıqdan sonra I Pyotr onu Katerinaya verib”.

Putin daha sonra müxbirdən hadisənin necə baş verdiyini bilib-bilməyini soruşur və Baltaçı Məhmət Paşanın adını çəkmədən “Türklər rus ordusunu blokadaya alanda qadınlar bütün qiymətli əşyalarını toplayıb türk paşasına rüşvət veriblər” deyir.

Müxbir Zarubin xatırladıb ki, sözügedən medalı alan məşhur adlar arasında Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin həyat yoldaşı Naina Yelstin də var. Putin həmçinin qeyd edib ki, medal xeyriyyəçilik, dinc və humanitar fəaliyyətlə məşğul olan qadınlara verilir.

Rusiya lideri 2003-cü ildə Soçidə türk jurnalistlərlə görüşündə Baltaçı - Katerina münasibətləri ilə bağlı sualı belə cavablandırıb: “Bizim ölkədə bu hadisə başqa cür tanınır. Rus ordusu mühasirədə olarkən Katerina qadınların bütün zinət əşyalarını zorla toplayıb öz zinət əşyaları ilə birlikdə paşaya rüşvət kimi verir. Belə ki, türk qüvvələri rus əsgərlərini döyüşsüz buraxıblar. Bu hadisədən sonra I Pyotr qadınlar üçün "Müqəddəs Katerina" adlı xüsusi medal təsis edib. I Pyotr  Moskvaya qayıdanda ilk olaraq arvadını monastıra sürgün edib və Katerina ilə evlənib”.

Türk mənbələrinə görə, Türkiyə - Rusiya müharibəsi zamanı baş vəzir olan Baltaçı Məhmət Paşa 1711-ci il aprelin 9-da Dunay çayını keçərək 200 minlik ordu ilə Valaxiyaya daxil olur. 18 apreldə başlayan və 4 gün davam edən Prut müharibəsi döyüşləri ilə Osmanlı qüvvələri Krım ordusunun dəstəyi ilə rus birliklərini Prut sahillərindəki bataqlıq ərazidəki Stanilenen qəsəbəsinə qovurlar. Rus çarı I Pyotr Moskvaya məktub yazıb vəziyyətin çətinliyini və ümidsizliyini izah edir. Bunun üzərinə Rusiya Baş Komandanı Marşal Şeremitiyev Baltaçı Məhmət Paşadan sülh istəyib. Baltaçı Məhmət Paşa komandirləri ilə görüşdə məsələni müzakirə etdikdən sonra Rusiya tərəfinin təklifini qəbul edib və sonra Prut müqaviləsi imzalanıb.

Zaman keçdikcə Baltaçı Məhmət Paşa ilə Çariça Katerina arasında bir növ münasibət qurulduğuna dair geniş şayiələr, müzakirələr və dedi-qodular yaranıb. Lakin Osmanlı Araşdırmaları Vəqfi Mütəxəssislər Şurasının sədri Əhməd Akgündüzin Rusiya və Osmanlı sənədlərini araşdırması nəticəsində bunların doğru olmadığı üzə çıxıb. Akgündüzün dediyinə görə, o dövrdə vəzir Baltaçı Məhməd Paşa ilə Çariça Katerina arasında heç bir qarşılaşma olmayıb və Katerinanın həmin vaxt orada olduğunu göstərən heç bir mənbə yoxdur.

Siyasət rubrikasından digər xəbərlər