Rusiya prezidenti Vladimir Putin 1988-1994-cü illərdə Azərbaycan torpaqlarının işğalında aparıcı rol oynamış Ermənistanın iki keçmiş terrorçu eks-prezidentini –Xocalı qatilləri Robert Köçəryanı və üçüncü prezident Serj Sarkisyanı Milad və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
Hafta.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Məlumatdan bəlli olur ki, Rusiya dövlətinin başçısı Armen Sarkisyanı və Nikol Paşinyanı qarşıdan gələn Yeni il və Milad bayramları münasibətilə də təbrik edib.
Qeyd olunub ki, ötən ildə iki dövlətin liderləri arasında müntəzəm ünsiyyət Rusiya-Ermənistan münasibətlərinin dostluq ənənələrinə, mədəni və mənəvi yaxınlığa əsaslanan müttəfiqlik xarakterini tam təsdiqləyib.
Vladimir Putin birgə səylərlə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın, eləcə də Avrasiya İqtisadi Birliyi, KTMT, MDB və digər çoxtərəfli strukturlar çərçivəsində tərəfdaşların qarşılıqlı fəaliyyətinin daha da dinamik inkişafını təmin etməyin mümkün olacağına ümid etdiyini bildirib.
"Bu, Rusiya və Ermənistanın qardaş xalqlarının fundamental maraqlarına cavab verir, Zaqafqaziya regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə uyğundur", deyə Rusiya prezidenti qeyd edib.