Qadın evdən çıxdığına görə bibisinin evində əri tərəfindən döyüldü

18:46 02.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi Azərbaycanda körpəsini qoruduğu üçün əri tərəfindən döyülən qadın barədə yayılan məsələyə münasibət bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yerli KİV-lərə bildirib ki, 29.09.2021-ci il tarixində vətəndaş L.İsgəndərova DİN-in “102” Xidməti Zəng  Mərkəzinə zəng edərək qohumu Səbinənin həyat yoldaşı Səbuhi Bayramov tərəfindən döyüldüyünü bildirib:

“Daxil olan məlumatla bağlı Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində Abşeron rayonu, Xırdalan şəhərində yaşayan zərərçəkən S.Nəbiyevanın ərizəsi alınıb. O, ərizəsində 29.09.2021-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan bibisinin evində olan zaman həyat yoldaşı Səbuhi Bayramov saat 20:00 radələrində ora gəlib, evdən ayrıldığı üçün onu döyərək bədən xəsarətləri yetirib. S.Nəbiyevanın xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Ər saxlanılaraq 6-cı Polis Bölməsinə gətirilib. O, izahatında həyat yoldaşını döydüyünü etiraf edib. Təyin edilən ekspertizanin rəyindən sonra onun əməlinə hüquqi qiymət veriləcək”. 

Qeyd olunur ki, zərərçəkən qadın polislərin nəzarəti ilə təhlükəsizlik tədbirləri çərçivəsində artıq sığınacağa yerləşdirilib. Həmçinin ailə Abşeron rayonunda yaşadığından onların profilaktik nəzarətə götürülməsi üçün Abşeron Rayon Polis İdarəsinə tapşırıq verilib.

***

15:21

Daha bir qadının həyatı təhlükədədir. Abşeron rayon sakini olan qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb. Bu barədə virtualaz.org-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, kişi 9 aylıq övladını öldüməyə cəhd edib. Qadın isə ərinə müqavimət göstərərək körpəsini qoruduğu üçün döyülüb. "Məlumat daxil olan kimi dərhal hadisə baş verən ərazi üzrə polis bölməsinə yönləndirdim. Təhqiqat başlanılıb. Amma kim təminat verə bilər ki, evə döndüyündə qadın öldürülməyəcək? Kişinin narkotik istifadəçisi olduğu güman edilir. Amma sübuta yetirməyə zaman lazımdır. Zaman isə nə qadının, nə də körpənin xeyrinə çalışmaya da bilər. Qadın öz evinə də dönə bilmir, çünki əri onun qardaşı ilə dostdur", - Ağazadə bildirib. Cinayət hadisəsi Binəqədi rayon 6-cı bölmə ərazisində baş verib. Körpə xəstədir, vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma gedir.