QAİ–YUNESKO dialoqu - baş tutacaqmı?

11:20 08.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Qərbi Azərbaycan İcmasının müraciətinə cavab olaraq, YUNESCO-nun indiki Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin qorunması məsələsinin təşkilatın mandatına daxil olduğunu təsdiq etməsi ilə bağlı İcma və YUNESCO arasında dialoq başlayıb. Bu müstəvidə İcma dialoq tərəfdaşı kimi YUNESCO qarşısında bir neçə konkret məsələ qaldırıb.

Milli Məclisin deputatı, QAİ Qadınlar Şurasının sədri Məlahət Həsənova İbrahimqızı hafta.az-a bildirib ki, Qərbi Azərbaycan İcması qısa müddət ərzində bir çox beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə, YUNESCO-ya bir çox müraciət ünvanlayıb. Bu müraciətlərə cavablar da gəlib. Həmin müraciətlərdə Azərbaycan xalqının əsrlərboyu öz tarixi torpaqlarında yaratdığı qeyri-maddi, mədəni irsin ermənilər tərəfindən dağıdılması, viran qoyulması faktları öz əksini tapmaqla, mədəni irsimizin qorunmasına çağırış, tələb var.

M.İbrahimqızı qeyd edib ki, YUNESCO beynəlxalq təşkilat olaraq bəşəri, dünyəvi dəyərlərin, insanların dünyadakı mirasının qorunmasında məsuliyyətlidir və mandat daşıyır. Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması YUNESCO-ya göndərdiyi müraciətdə tarixi yurd yerlərimizdə, indiki Ermənistan ərazilərində babalarımızın yaratdığı abidələri, minillər yaşı olan məzarlıqları, ibadət, inanc yerlərini, məscidləri, qədim Azərbaycan xalqının milli dövlətçilik tarixinə mənsub olan tarixi abidələrin erməni vandalları tərəfindən dağıdılmasının qarşısını almağa çağırıb.

Ermənistan  hakimiyyətinin son 30 ildə işğal altında saxladığı Azərbaycan torpaqlarında - Qarabağda və ondan kənar rayonlarımızda  xalqımızın əsrlərboyu yaratdığı qeyri-maddi mədəni irsi dağıdıb məhv etdiyini, torpaqlarımızı yandırıb, ətraf mühiti talan etdiyini xatırladaraq, ermənilərin bu cinayətləri, vəhşiliyi işğaldan sonra  bölgəyə səfər edən beynəlxalq təşkilatların nümayəndlərinin də öz gözləri ilə görərək, təsdiq etdiyini xatırladıb. O, Qarabağda erməni vəhşliyinin nümunəsi kimi, Ağdamın “Qafqazın Xirosiması” adlandırılmasını təsadüfi saymayıb: “Bu gün dövlət başçısının rəhbərliyi ilə Qarabağda çox böyük bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunan ərazilərimizdə dünyanın ən yüksək standartlarına cavab verən meqalayihələr icra edilir. Yeni kəndlər, şəhərlər, yaşıl zolaqlar salınır. Biz indiki Ermənistanda yerləşən abidələrimizə, məzarlıqlarımıza  gedə bilmirik. Erməni vandalları tarixi torpaqlarımızda Azərbaycan izini itirmək üçün hər cür vəhşiliyə əl atırlar. İstər 1987-1991, eləcə də 1948-1953, 1918-ci illərdə, ondan da əvvəl öz torpaqlarından məcburən qovulan, deportasiyalara, qətliamlara, soyqırımlarına məruz  qoyulan Azərbaycan xalqının hər bir üzvünün buraxdığı, qoyub-gəldiyi məzarlıqlar, inanc yerləri, tarixi abidələrindən xəbəri yoxdur.  Məlumatlardan da bilirik ki, ermənilər Azərbaycanın öz tarixi torpaqlarında var olmasını təsdiq edən maddi-mədəni izləri itirmək üçün hər cür vandallığa  əl atır. Ona görə də QAİ bütün beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır, o cümlədən bu məsələdə birbaşa cavabdeh olan YUNESCO-nun Ermənistanda Azərbaycan abidələrinin monitorinqini keçirməsini xahiş, tələb edir. Tələb olunur ki, Göyçə, Zəngəzur , İrəvan daxil olmaqla, Qərbi Azərbaycanın  hər bir yerində kompakt yaşamış azərbaycanlıların müqəddəs irsinin monitorunqi aparılsın, məlumat verilsin. Qərbi azərbaycanlılar öz kəndlərinə, yurd yerlərinə sülh və ləyaqətli şəkildə, müvafiq beynəlxalq təşkilatların zəmanəti ilə gedib doğmalarının məzarlarını, dini məbədlərini, inanc yerləri olan məscidlərini ziyarət edə bilsinlər”.

M.Həsənova  qeyd edir ki, Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatlardan  müsbət cavab alana qədər müraciətlərini və mübarizələrini davam etdirəcəkdir. Beynəlxalq təşkilatlar otuz il bu problemin həllini yubatdılar. Üç yüz min qaçqın bundan sonra otuz il gözləməyəcək.

Deputat xanım, eyni zamanda, bildirib ki, BMT-nin dinc ölkələrdə fəaliyyət göstərən qaçqınlarla bağlı komissarlıqları 1988-1991-ci illərdə ermənilərin son nəfərinədək öz yurdlarından deportasiya etdiyi 300 mindən çox azərbaycanlının taleyi ilə maraqlanmağa borcludur. 

“Ermənistandan deportasiya edilənlərlə, Qarabağdan qaçqın düşənlərin taleyi eynidir.  Azərbaycanın dövlət başçısı, hökuməti öz gücünə sərhədləri daxilində qaçqın-köçkün düşən insanlarının taleyini həll etdi. Əgər həmin təşkilatlar ədalətli qurum kimi öz nüfuzlarını bərpa etmək istəyirlərsə, Ermənistandan etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların hüquqlarını qoruyub, onların sülh yolu ilə, ləyaqətli şəkildə öz yurdlarına qayıdışını təmin etməlidirlər”.

Milli Məclisin deputatı, QAİ -nın sədr müavini Hikmət Babaoğlu hafta.az-a bildirib ki, Qərbi Azərbaycan İcması tarixi Vətənimizdə qalan mədəni irsimizin qorunması ilə bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət edib və artıq bu sahədə tədbirlərin görülməsi ilə bağlı YUNESCO ilə dialoqa başlanılıb.

Deputat qeyd edib ki, Azərbaycan xalqının yaratdığı maddi, mədəni irsin coğrafiyası bugünkü müstəqil Azərbaycanın etnosiyasi sərhədlərindən çox-çox uzaqlara yayılıb.

“O topaqlar Azərbaycana aiddir.  Qərbi Azərbaycanın tarixi torpaqları cəmi 100 il bundan əvvəl ermənilərə verilib. Ona görə də mədəniyyətimizin formalaşdığı coğrafiyalardan biri kimi,  Qərbi Azərbaycandakı irsimizin qorunması çox vacibdir”. 

H.Babaoğlu bildirib ki, bu gün müasir Azərbaycan ərazisində milli-mədəniyyətimizin inkişafı hansı tarixi mərhələləri keçibsə, eyni mərhələlər Qərbi Azərbaycanda da  baş verib. Onun fikrincə, Qərbi Azərbaycan İcmasının öz tarixi, maddi, mədəni hüquqlarının qorunması ilə bağlı əldə etdiyi ilkin nailiyyətlərdən biri də bu dialoqun başlanmasıdır. Deputat İrəvan şəhərində Təpəbaşı məhəlləsinin, Göy Məscid və bəzi qala divarlarının erməni barbarlığından xilas olunaraq bugünümüzə gəlib-çatan çox azsaylı maddi irs nümunələrimizdən biri olduğunu qeyd edib:

“100 il ərzində ermənilərin bütün məqsədi fəaliyyətlərinin bütün istiqaməti ondan ibarət olub ki, İrəvanda, bütün Qərbi Azərbaycanda Azərbaycan mədəniyyətinin irsinin izlərini silsinlər.  Hələ də buna nail ola bilməyiblər. Ona görə də Təpəbaşı məhəlləsi İrəvanın azərbaycanlılara məxsus olmasının canlı şahididir. Ümid edirəm ki, YUNESCO Qərbi Azərbaycan İcmasının bu istiqamətdə çaldığı həyəcan təbilini adekvat qarşılayacaq. Və qorunması ilə bağlı müvafiq qərarlar  qəbul edəcəkdir”.