Son iki gündə Qarabağdakı separatçı rejim ordumuza qarşı təxribatları aktivləşdirib və nəticədə Azərbaycan ordusunun 3 hərbi qulluqçusu şəhid olub.
Bu fikirləri hafta.az-a politoloq Mətin Məmmədli bildirib:
“Görünən odur ki, ermənilər Qarabağda yenidən gərginliklər yaradıb, suları bulandırmağa çalışırlar.
Məqsəd aydındır. İstənilən vasitələrlə yeni sülh təşəbbüslərinin, danışıqlarının qarşısını almaq, bununla da özlərinin və havadarlarının xəstə, qeyri-rosianal istək və maraqlarını təmin etmək”.
M.Məmmədli hesab edir ki, Azərbaycan ordusu təxribatlara adekvat cavab verir. Onun fikrincə, bu təxribatlar permanent xarakter alacaqsa, Azərbaycan ordusu Qarabağda yeni hərbi əməliyyatlar keçirmək məcburiyyətində qala bilər.
Politoloq qeyd edib ki, Azərbayan dövlətinin son 2 ildə apardığı siyasət Ermənistanla problemlərin diplomatik, danışıqlar yolu ilə həllinə yönəlib. Amma qondarma rejim öz mahiyyətindən irəli gələrək siyasətini dəyişmək istəmir:
“Hesab edirəm ki, Azərbaycan-Ermənistan arasında münasibətləri normalaşdırmaq, bölgədə davamlı sülhə nail olmaq üçün iki vacib məsələ öz həllini tapmalıdır: Laçın- Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin yaradılmalı və erməni silahlı birləşmələr Qarabağdan çıxarılmalıdır. Bu olacaqsa, gərginlik azalar və sülh danışıqlarında müsbət irəliləyişlərə nail ola bilərik. Əks halda vəziyyət güc müstəvisində davam edə bilər”.