Bu gün məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıtması məsələsi müxtəlif platformalarda geniş müzakirə mövzusudur. Bəziləri bu məsələnin könüllülük prinsipi əsasında həyata keçirilməsinin, bəziləri isə birmənalı şəkildə köçkünlərin geri qaytarılmasının tərəfdarıdırlar. Bir qrup isə hesab edir ki, sözügedən ərazilərdə erməni silahlı birləşmələri və rus sülhməramlıları olduğundan, münaqişə təkrar alovlana bilər. Bu müstəvidə fikirləri haçalanan tərəflər sosial şəbəkələrdə qarşılıqlı olaraq ittihamlar səsləndirməkdən də çəkinmirlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlər arasında sorğunun keçirilməsi ilə bağlı işlərə başlayıb. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun sözlərinə görə, Prezidentin tapşırığı ilə hərtərəfli, genişmiqyasılı sorğu keçiriləcək. O qeyd edib ki, Dövlət Komitəsi həmin anketə daxil olacaq suallar üzərində işləyir.
Sözügedən qurum tərəfindən, həmçinin Prezidentin qərarı ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş 4700-ə yaxın mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib. Həmin yaşayış kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə hazırdır.
İttihamlar əsassızdır
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən əslən Füzuli rayonundan olan yazıçı Seyran Səxavət bildirib ki, məcburi köçkünlük həyatı olduqca çətindir:
“Biz 30 il o torpaqların həsrətində olmuşuq. Hamı öz dədə-baba torpağına qayıdacaq. Mən özüm də qayıdacam Füzulidə yaşamağa. Sadəcə, oraları düşmən darmadağın edib, xarabalığa çevirib, yavaş-yavaş düzəltmək lazımdır. Bu 1-2 günün və ya bir ilin işi deyil, oraları düzəldib mütləq çıxıb getmək lazımdır. Hamı getmək istəyir. Mən inanmıram ki, kimsə Bakıda qalsın. Burada nə var axı? Oralar gözəldir, torpağın özü yeməlidir. Hamımız torpaq həsrəti çəkirik. İnandırım sizə ki, mənim də xeyli köçkün qohumlarım var, belə yaşamaq çox çətindir. Hətta mən bir dəfə demişdim ki, qaçqının qohumu olmaqdansa, qaçqın olmaq daha yaxşıdır. Bizim nəsil böyük nəsildir, ətrafımız da genişdir, hamı geri qayıtmağa bir nəfər kimi hazırdır. Hətta mən qaçqınlar qayıdacaqmı sualını eşidəndə əsəbləşirəm. Necə yəni, qaçqınlar qayıdacaqmı? Onlar 30 ildir bu günü gözləyirdilər. İnanın ki, Bakıda və ya başqa yerlərdə qaçqın sifəti ilə dünyasını dəyişənləri torpaq həsrəti, Vətən xifəti apardı. Məsələn, mənim böyük qardaşım Füzulidə evdən çıxıb işə gedənə kimi 50-60 adamdan “Xanlar müəllim, necəsiniz? ” cümləsini eşidirdi. Bu, Bakıda yox idi axı? Bakıda Xanlar müəllimi tanıyan kim idi? Mənim böyük qardaşım da, kiçik qardaşım da torpaq xiffətindən dünyasını dəyişdilər”.
Bakıda o qədər başqa bölgələrdən olan insanlar var ki, biz heç kimə deyə bilmərik paytaxtda nə gəzirsən
Yazıçı bununla yanaşı vurğulayıb ki, vaxtilə didərgin düşdüyü torpağa qayıtmaq istəməyən kimsə varsa, onu məcburi şəkildə geri göndərmək doğru addım olmaz: “Azərbaycan vətəndaşı olaraq hər birimizin ölkənin istənilən yerində, o cümlədən paytaxt Bakıda yaşamaq hüququmuz var. Bakıda o qədər başqa bölgələrdən olan insanlar var ki, biz heç kimə deyə bilmərik paytaxtda nə gəzirsən. Məsələn, mən Füzulidə anadan olsam da,1964-cü ildən Bakıda yaşayıram. Buna baxmayaraq mən öz rayonumda yaşamağa gedəcəm. İnanın ki, çox adam mənim kimi fikirləşir və geri qayıdacağı günü səbirsizliklə gözləyir. Ola bilər ki, bəzi cavanlar burada iş qurub, ona görə də qalmaq istəyirlər. Bu da onların təbii hüququdur. Sizə deyim ki, onların sayı da çox deyil, təxminən 2 faiz ola ya olmaya. Qaçqınlıq düşməsəydi, həmin adamlar yenə də gəlib Bakıda yaşayacaqdılar. Necə ki, başqa rayonların sakinləri paytaxda müxtəlif səbəblərdən məskunlaşıblar. Yəni, burda zor işlətmək olmaz, amma vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Bəs, biz şəhidlərin ruhu qarşısında nə cavab verərik?! Bu, şablon ifadə deyil. Axı, biz ora qayıtmayacaqdıqsa, onlar niyə canlarından keçirdilər?! Bu çox həssas bir məsələdir. Hər birimiz bu məsələdə həssas olmalıyıq.
Bu qayıdış Vətənə qayıdışdır,
Özünə qayıdışdır,
Qeyrətə-namusa qayıdışdır,
İnama qayıdışdır…”.
Məsələyə münasibət bildirən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov da hafta.az açıqlamasında deyib ki, bu gün Xocalıya qayıtmaq üçün müraciət edən kifayət qədər xocalılılar var:
“Mən də məcburi köçkünəm. 28 ildir ki, ata-baba yurdumun, əzizlərimin doğulduğu, yaşadığı yerlərə həsrətəm. Şərait yaradılan və təhlükəsizliyimiz təmin olunan kimi, dövlətimizin “geri qayıt” əmri həyata keçən zaman ilk növbədə mən və bütün xocalılılar yurd-yuvalarımıza qayıdacağıq”.
Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik ki, hər kəs öz ata-baba yurduna qayıdıb yaşasın
Millət vəkili vurğulayıb ki, onlar uzun illər torpaq həsrəti ilə yaşayıblar: “Biz uzun illər dogma torpaqlarımızın həsrəti ilə yaşamışıq. Bütün bu illər ərzində xalqımızın, dövlətimizin apardığı mübarizə və görülən işlər hansı məqsəd üçün edilirdi?! Torpaqlarımız nə üçün azad olunub?! Bu qədər şəhid vermişik. Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik ki, hər kəs öz ata-baba yurduna qayıdıb yaşasın. Bir məcburi köçkün kimi bunu səmimi deyirəm. Hamımız bu arzu ilə yaşamışıq. Bir nəfər kimi də Xocalıya gedib yaşayacağıq”.
Psixoloji yanaşma
Məsələnin psixoloji tərəflərinə toxunan psixoloq Kəmalə Baxış isə hafta.az-a bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hər bir ailəyə ağır psixoloji travma yaşadıb:
“Bu münaqişənin baş verməsindən 30 ilə yaxın vaxt keçir. İşğal altındakı torpaqlarımız azadlığına qovuşub. Bu müddət ərzində məcburi köçkünlərin yeni nəsli doğulub. Sözsüz ki, bu münaqişə hafizələrə mənfi emosiya kimi yazılıb. Yəni, hər ailədə bir dərd yaşanıb, hər ailədə itkilər olub. Təbii ki, bu insan üçün ağır bir yükdür və 30 il bu yükü daşımaq çox ağırdır. Bütün bunlara baxmayaraq bizim ruhumuz qələbəmizlə bağlı olmalıdır. Biz 44 günlük müharibə dövründə o birliyi, bərabərliyi ortaya qoyduq. Əldə etdiyimiz bu Zəfər 30 il bundan əvvəl yaşananları hafizələrdən silə bilər.
Bu münaqişə hafizələrə mənfi emosiya kimi yazılıb. Yəni, hər ailədə bir dərd yaşanıb, hər ailədə itkilər olub
Mən bunu psixoloji yardım göstərdiyim məcburi köçkünlərdə də müşahidə edirəm. Onlar həqiqətən də öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər. Nəinki onlar, heç Qarabağ bölgəsindən olmayan insanlar da işğaldan azad olunmuş torpaqların yenidən qurulmasında yaxından iştirak etməyə çalışırlar. İndi bizi heç nə qorxuda bilməz. Nəinki erməni, orada olan rus sülhmərəmlılarından da çəkinməməliyik. Düzdür, rus sülhməramlıları ifadəsi bir az qorxulu səslənir. Onlar olmasaydı münaqişə davam edəcəkdi. Hər iki tərəfdə yanğın ürəklər var, itkilər var, qisas hissi var. Münaqişənin təkrar alovlanmaması üçün ortada müəyyən müddət vasitəçi olmalı idi. Hesab edirəm ki, zamanla bu hisslər də hafizədən müəyyən qədər silinəcək və biz heç nəyi unutmadan həyatımıza davam etməyi öyrənəcəyik. Digər tərəfdən, biz həm də onu dərk etməliyik ki, Azərbaycan indi əvvəlki illərin ölkəsi deyil, daha güclü, öz sözünü diktə edən və qalib bir dövlətik. Ona görə də öz dədə-baba torpaqlarına dönəcək olan hər bir vətəndaş istənilən məsələdə yalnız dövlətinə, hökümətinə arxayın olmalıdır”.
İqtisadi təhlil
Mövzu ilə bağlı hafta.az-a fikirlərini açıqlayan və məsələnin iqtisadi tərəflərinə toxunan keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov qeyd edib ki, bu məsələdə ilk iş işğaldan azad olunmuş torpaqlara qayıdacaq insanlar arasında sorğu keçirilməsi olmalıdır:
“Burada söhbət 30 il bundan əvvəl ev-eşiyindən didərgin düşmüş insanların taleyindən gedir. Biz özümüzü onların yerinə qoymalıyıq: hara qayıtmaq istəyərdik? Modern, şəhərtipli qəsəbəyəmi, yoxsa qoyub-gəldiyimiz o kəndimizəmi? Mən özüm doğulduğun yeri başqa yerə dəyişmək hissini yaşamışam. Ona görə də bunun nə demək olduğunu başqalarına nisbətdə daha yaxşı başa düşürəm. Bu hisslər o qədər güclüdür ki, insan həmişə doğulub boya-başa çatdığı evə qayıtmaq istəyir. Bu mənada cənab Prezidentin də vurğuladığı kimi, məcburi köçkünlər arasında mütləq sorğu keçirilməlidir. İkincisi, məndə olan məlumatlara görə, İqtisadiyyat Nazirliyində işğaldan azad olunmuş torpaqlarla bağlı xüsusi bir dövlət proqramı hazırlanır. Bu dövlət proqramı bir neçə mərhələdən ibarət olacaq. Təbii ki, həmin dövlət proqramının hazırlanmasında köçkünlər arasında keçiriləcək sorğunun nəticələri mühüm rol oynayacaq. Əgər sorğunun nəticələrinə görə, çoxluq dövlətdən öz dədə-baba torpaqlarına qayıtmağı istəsə, sözsüz ki, dövlət onların arzularını yerinə yetirəcək.
Büdcə təşkilatlarında çalışmayanlar necə dolanacaq? Onlar hansı gəlir hesabına yaşayacaqlar
Digər tərəfdən, burada bir məsələ də var ki, 30-40 nəfərlik əhalisi olan bir kəndin infrastrukturunu yenidən bərpa etmək nə dərəcədə doğrudur? Və yaxud da daha kompakt bir yaşayış məntəqələri salıb,vaxtilə 30-40 nəfərlik əhalisi olan kəndlərin ərazilərinin əkin-biçin üçün istifadə edilməsi sərfəli ola bilərmi? Yəni, bütün bu variantlar hamısı diqqətlə ölçülüb biçilməlidir. Bununla paralel torpaqlar minalardan təmizlənməlidir ki, bu iş də hazırda aparılmaqdadır. Əgər düşmən tərəfi minaladığı ərazilərin xəritəsini bizə versəydi, bu işi aparmaq daha sürətli olardı. Təəssüf ki, həmin xəritəni hələ əldə edə bilməmişik”.
Mütəxəssis vurğulayır ki, minalar tamamilə təmizləndikdən sonra həmin ərazilərdə infrastruktur yaradılmalıdır: “Proqrama uyğun olaraq yaşayış məntəqələri salınacaq ərazilərə yol, işıq, qaz, su xətti çəkilməlidir. Bu təminatlar olandan sonra insanların ora qayıtmasından söhbət gedəcək. Bununla paralel iş yerləri yaradılmalıdır. Düzdür, büdcə təşkilatlarında çalışanlar üçün problem olmayacaq. Onların yaşayış yeri ilə yanaşı, iş yerləri də olacaq və ailə büdcələrini formalaşdıra biləcəklər. Bəs, büdcə təşkilatlarında çalışmayanlar necə dolanacaq? Onlar hansı gəlir hesabına yaşayacaqlar? Bu baxımdan görüləcək işlərə paralel olaraq yeni iş yerlərinin yaradılması istiqamətində addımlar atılmalıdır”.
Onun sözlərinə görə, işğaldan azad olunmuş rayonlarımızın xüsusi bir iqtisadi zonaya çevrilməsi olduqca vacibdir: “Bölgənin sürətli inkişafının təmin olunması, əsasən, oraya xarici və daxili investisiyaların cəlb edilməsindən keçəcək. Həmin ərazilərdə yeni müəssisələrin və ilk növbədə yerli xammal əsasında fəaliyyət göstərəcək emal müəssisələrinin qurulması, ailə təsərrüfatlarının yaradılması imkanları kifayət qədər böyükdür. Hesab edirəm ki, Azərbaycan hökuməti xarici investisiyaların bölgəyə cəlb olunmasını stimullaşdıran xüsusi güzəşt zərfləri işləyib hazırlamalıdır. Məsələn, bölgəyə gələn investor 10 il müddətinə bütün vergilərdən azad edilməlidir. Eyni zamanda, dövlət biznes üçün əlverişli mühüt yaradıb və bu istiqamətdə çatışmayan yeganə məsələ sığortadır. Biz sığorta bazarını elə bir həddə çatdırmalıyıq ki, gələn iş adamı bilsin ki, burada dövlət təminatı ilə yanaşı, onun yatırdığı kapitalın həm də sığortası var. Yəni, hansısa fors-major hal baş verərsə, investor sığortalanmış kapitalının geri qaytarılmasını təmin edə biləcək”.