Qarabağa səfər Paşinyana baha başa gələcək - Politoloq

19:05 01.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 2-də işğal altındakı Xankəndidə planlaşdırılan erməni təxribatına qarşı ya susmalı, ya dövlət səviyyəsində reaksiya verilərək, separatçıların “tədbirinin” və “tədbirə” qatılmaların bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyinə yol açacağı xüsusi vurğulanmalı, bunun onlara baha başa gələcəyi bildirilməlidir.

Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş illərdə Qarabağa tez-tez gələr və istədiyini danışardı:

"Paşinyan müharibədən sonra Qarabağa gəlməyib, çünki bilir ki, bu səfər ona baha başa gələcək. Birincisi, Paşinyanı Qarabağda görmək istəməyən ermənilərin sayı çoxdur, ikincisi Azərbaycan bu səfəri bölgədə gərginliyi artırmaq kimi qiymətləndirəcək, müxtəlif istiqamətlərdə toqquşmalar artacaq. Ona görə də Paşinyan müharibədən sonra Qarabağa gəlməməyə üstünlük verir. Doğru qərardır. Digər tərəfdən keçmiş illərdən fərqli olaraq Ermənistan rəsmiləri Qarabağa helikopterlərlə də gələ bilmirlər. Paşinyan sentyabrın 2-də də Xankəndinə gələ bilməyəcək, o məzuniyyətdə olduğunu bəhanə gətirib, Ermənistan parlamentinin sədri isə həmin tarixdə Vyanada olacaq.

Buna baxmayaraq, Ermənistandan Azərbaycan sərhədini pozaraq Xankəndidəki tədbirə qatılan təxribatçılar olacaq. Aydındır ki, separatçılar müharibə zamanı verdikləri itkilər fonunda “müstəqillik günü”nü təmtəraqla keçirməyəcəklər. Ancaq onlar “əklil qoyma mərasimi” və zalda “toplantı” keçirməklə beynəlxalq aləmə mesaj göndərməyə çalışacaqlar ki, “müstəqildirlər” və Azərbaycan qanunlarına tabe olmayacaqlar. Deməli, Azərbaycanın rəsmi qurumları bu günlərdə beynəlxalq aləmə daha gur səslə “Qarabağın müstəqilliyi anlayışı yoxdur” və “oradakı ermənilər Azərbaycan qanunlarına tabe olacaqlar” fikrini aşılamalıdırlar. Müdafiə Nazirliyi isə 2 sentyabr gününü separatçılara qarşı bir neçə ünvanlı əməliyyatlarla qeyd etməlidir. Müdafiə naziri Zakir Həsənovun orduya rusiyalı hərbçilərin arxasında gizlənən separatçılara “vur” əmri əsas götürülməlidir. Ermənilər ötən ilin sentyabrında anladılar ki, biz onlarla oyun oynamırıq, görünür təkrar izaha ehtiyac var. Erməni separatçılarını və onların himayədarlarını daima təzyiq altında saxlamalıyıq. Başqa alternativimiz yoxdur”.