Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köç davam edir.
Hazırda həmin ərazilərdə əsas baza infrastrukturu ilə bağlı layihələr yekunlaşmaqdadır. Rəsmilər növbəti ildə işlərin əksəriyyətinin yekunlaşdırılacağını bəyan edirlər. Bu isə o deməkdir ki, artıq Qarabağın yol, kommunikasiya, digər infrastruktur xətləri tam olacaq, həyatın qayıtması üçün bütün zəruri şərait yaradılacaq.
Xatırladaq ki, həmin ərazilərə Böyük Qayıdış artıq ötən ildən başlayıb. İlk olaraq Şərqi Zəngəzurda yerləşən Zəngilanın Ağalı kəndinə məcburi köçkünlər köçürülüb. Rəsmi şəxslər köçün bundan sonra davamlı prosesə çevriləcəyini bildirirlər.
Qeyd edək ki, bu ərazilərdə həyat tədricən bərpa olunduğundan orada yaşamaq istəyən Azərbaycan vətəndaşlarının sayı da artır. Elə bu səbəbdən hazırda vətəndaşları maraqlandıran məsələlərdən biri də həmin ərazilərdə digər Azərbaycan vətəndaşlarının torpaq sahəsi ala bilib-bilməməsi ilə bağlıdır. Maraqlıdır, görəsən, Azərbaycanın digər bölgələrində qeydiyyatda olan vətəndaşlar işğaldan azad edilmiş ərazilərdə evlər, bağ sahələri ala bilərlərmi? Bu huquq nə zamandan tanınacaq və necə tənzimlənəcək? Həmin ərazilərə köçürülən vətəndaşlarin evlərini satmaq huququ varmı?
Məsələni qəzetimizə şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən müvafiq layihələr icra edilir: “Amma hələlik ərazi üzrə torpaq islahatı həyata keçirilmir və yaxın aylarda da bu planlaşdırılmır. Bu o deməkdir ki, həmin ərazilərdə hələ ki, torpaq sahələrinin mülkiyyətə verilmə mexanizmi məlum deyil. Yəni, dövlətin inşa edəcəyi hansı ərazilərdə vətəndaşlara nə qədər torpaq sahələri ayrılacaq, ayrılan torpaq sahələrinin mülkiyyətə verilmə formaları hansı qaydalara uyğun həyata keçiriləcək məlum deyil. Tutaq ki, bu proses 90-cı illərin əvvəllərində aparılan torpaq islahatlarına uyğun həyata keçiriləcəkmi, insanlara pay torpaqları veriləcəkmi və s. bunlar hamısı qeyri-müəyyəndir. Bu məsələlər məlum olmadığına görə indiki halda bununla bağlı konkret fikir bildirmək hələlik tezdir. Bu təbii ki, vətəndaşların həmin ərazilərə tam köçürülməsindən sonra mümkün olacaq. Belə ki, köçürülmə prosesi tam başa çatdıqdan sonra artıq mülkiyyət münasibətləri aydünlaşacaq. Yəni, dövlət mülkiyyəti haradır, özəl mülkiyyət haradır və s. həmin ərazilərin konturları müəyyən olunandan sonra vətəndaşlar onların mülkiyyətinə verilmiş torpaq və ya daşınmaz əmlak subyektlərinin alqı-satqısını mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirə biləcəklər. Bu da o deməkdir ki, indiki halda həmin ərazilərdə mülkiyyət münasibətlərinə aydınlıq gətirilmədiyindən yeni salınmış qəsəbələrə köçürülən vətəndaşlar onlara verilən evləri sata bilməzlər. Məsələn, mövcud qanunvericiliyə görə bu gün bələdiyyə mülkiyyətindən vətəndaşa ayrılan torpaq sahəsi 5 il müddətinə alqı-satqı subyekti ola bilməz. Düşünürəm ki, təxminən işğaldan azad olunmuş həmin ərazilərlə bağlı da buna oxşar qərar qəbul olunacaq. Bu ən azından həmin ərazilərdə mülkiyyətə veriləcək daşınmaz əmlak subyektlərinin qısa müddətdə alqı-satqı prednetinə çevrilməməsi üçün hesab edirəm ki, vacibdir”.
Məsələ ilə bağlı millət vəkili Tahir Rzayev isə qəzetimizə açıqlamasında deyib ki, bu məsələlər qanunvericiliyə uyğun həyata keçirilməlidir: “Qeyd edim ki, ilk növbədə həmin torpaqlar minalardan təmizlənməlidir. Sonradan sözsüz ki, həmin ərazilərdə də vətəndaşların təşəbbüsü ilə bələdiyyələr yaradılmalıdır, sonra torpaqların formatı müəyyən edilməli, istər xüsusi mülkiyyətdə olan torpaqlar,istər dövlət torpaqları, istərsə də bələdiyyə torpaqları ayrılmalıdır. Və bu proses aydınlaşandan sonra qanunvericiliyə uyğun olaraq əlbəttə ki, ölkənin digər vətəndaşları da həmin ərazilərdən torpaq ala bilərlər. Çünki bizim mövcud qanunlarımız buna əsas verir. Məsələn, hər bir Azərbaycan vətəndaşı yaşadığı ərazidən asılı olmayaraq digər ərazilərdə də bələdiyyə torpaqlarını almaq hüququna malikdir. Təbii ki, bununla bağlı müəyyən çərçivələr də müəyyən olunub. Belə ki, bələdiyyə torpaqlarının satışı hərrac və müsabiqə yolu ilə aparılır. Və sözsüz ki, belə olan halda həmin ərazilərdən ev də, bağ salmaq üçün sahə də almaq mümkün olacaq. Həm də ki, əgər vətəndaş öz mülkünü özəlləşdirirsə, onun əlində mülkiyyət hüququna dair əsaslı sənəd varsa, sözsüz ki, gələcəkdə o, özünə məxsus evi sata biləcəkdir. Təbii ki, bu zaman tələb edən məsələdir. Ancaq Azərbaycanın mövcud qanunları hər bir vətəndaşa alqı-satqı hüququ verir və bu hüquqlardan işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış insanlar da istifadə edə biləcəklər. Digər tərəfdən, gələcəkdə həmin ərazilərdə yaşamaq istəyən, həmin ərazilərə köçmək istəyən Azərbaycan vətəndaşları da müəyyən qanunvericilik çərçivəsində öz hüquqlarından istifadə edəcəklər”.