“Yanvarın 18-də Avropa parlamenti növbəti dəfə Azərbaycanın əleyhinə qətnamə qəbul etdi. Qarabağda yataqları talan edən beynəlxalq şirkətlər Avropatlamentdə əslində bu qətnaməni satın aldılar”.
Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev Avropa Parlamentinin 18 yanvar tarixində qəbul etdiyi qətnaməsində reallıqlardan tamam uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlərə diqqət çəkərkən bildirib.
Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun “blokada”da olması kimi sərsəm iddialarla yanaşı artıq tarixin zibilliyində itib-batmış “Madrid prinsipləri”nə istinadlar edilməsi yer aldığını qeyd edən A.Quliyev, bildirib ki, korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə heç bir haqqı yoxdur.
“Bu qətnamənin qəbul olunacağına dair məlumat azı 1 həftə idi ki, Ermənistan mediasının gündəmindən düşmürdü. Həmişə də inamla vurğulanırdı ki, Avroparlament qətnaməni qəbul edəcək. Sanki səs verən deputatlar Avropanın yox, ermənilərin imiş. Məsələnin müzakirəyə çıxarıldığı başlıq da onun mətninin erməni lobbisi tərəfindən hazırlandığına şübhə yeri qoymur -"Laçın dəhlizində Azərbaycanın blokadasının humanitar nəticələri"...Demək, bu gün Azərbaycan ekofəallarının qanuni və heç bir blokada niyyəti daşımayan aksiyasına "blokada"deyən bütün beynəlxalq qüvvələrin bu qətnamənin qəbulunda barmağı var. Qətnamədə Azərbaycanın guya "Ermənistana təcavüz etdiyi barədə " maddə var ki, bu maddə Avroparlamentin Qafqaz sülh prosesində tam pozuculuq yolu tutduğuna dair nəticə çıxarmağa imkan verir. Qətnamədə hələ də "min ilin ölülərinə qarışmış "Madrid prinsiplərinə istinad edilir ki , bu fakt Avroparlamentin Qarabağda separatizmi və Yerevanda revanşizmi yenidən dirçəltmək məqsədindən xəbər verir. Qətnamə Azərbaycanı guya "işğal etdiyi Ermənistan ərazilərindən çəkilməyə "çağırır ki, bu da Avroparlamentdə Fransanın və Ermənistanın təsirlərinin getdikcə gücləndiyini təsdiqləyir”.
A.Quliyev bildirib ki, qətnamədə Azərbaycanın hələ də Ermənistan işğalında saxlanan 8 kəndinin azad edilməsi zərurəti barədə bir kəlmə də deyilmir və bu, Avroparlamentin hazırkı korpusu ilə Azərbaycanın əməkdaşlıq perspektivlərinə yenidən baxmaq zərurəti doğurur...
Onun sözlərinə görə, qətnamə Avroparlamentin deputatlarının Qarabağ yataqlarında talançılıqla məşğul olan Fransa, Kanada, Hindistan, Rusiya və başqa ölkə şirkətləri tərəfindən pulla idarə edildiyini deməyə əsas verir.