Qayınana-gəlin çəkişməsi -  bu “müharibə” niyə bitmir?

13:24 01.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu yaxınlarda sosial şəbəkələrdə Lənkəranın Yuxarı Nüvədi kəndində 75 yaşlı qayınananın gəlinini döyməsi ilə bağlı görüntülər yayıldı və bu hadisə cəmiyyətdə ciddi rezonans doğurdu. Kimi qayınananı, kimi gəlini, kimisi də videonu çəkən şəxsi günahlandırdı. Düzdür, zorakılığa məruz qalan gəlin qayınanadan şikayətçi olmasa da, görünən odur ki, günümüzdə bəzi ailələrdə qayınana-gəlin çəkişməsi davam etməkdədir.

Bəzi mütəxəssislər hesab edirlər ki, gəlin-qayınana problemi, artıq bir klassikaya çevrilib və tərəflər arasında yaranan bu anlaşılmazlığın əsasında dərin, psixoloji və irsi komplekslər dayanır. Bu dərin komplekslər ananın oğula, oğulun anaya ifrat dərəcədə bağlı olmasından yaranır. Reallıq budur ki, qayınana gəlinə nə qədər təzyiq göstərirsə, gəlin də bir o qədər ona qarşı aqressivləşir, qayınanası ilə bir evdə yaşamaq istəmir, ailədə söz-söhbət artır və nəticədə ya boşanmaya, ya da zorakılıq hallarına gətirib çıxarır. Əslində, bu məsələdə tamamilə qayınanaları günahkar hesab etmək də doğru sayılmır. Mütəxəssislər hesab edirlər ki, gəlinlər qayınanalarını, qayınanalar gəlinlərini yaxşı tanısalar, yola getmək bir o qədər çətin olmayacaq. Sadəcə, həm gəlinlər, həm də qayınanalar öz eqolarını kənara qoyub ortaq dil tapmağa çalışmalıdırlar. Bu zaman gəlinlər qayınanalardan, qayınanalar da gəlinlərdən tam razı qalacaqlar.

Ekspertlər onu da tövsiyyə edirlər ki, əslində qayınananı günahlandırmaq və dalınca danışmaq əvəzinə gəlinlər onları başa düşməyə, tanımağa çalışsalar, həyatları daha rahat olar. Psixoloji araşdırmalara görə, qayınanaların 8 tipi var və gəlinlərin bu haqda bilməsi münasibətlərdə harmoniyanın yaranmasına müsbət təsir edəcək. Bunlardan biri şikayətçi qayınanadır. Bu tiplər gəlin hər nə etsə də, qayınana narazı olur, gəlinin hər hərəkətinə görə şikayətlənir.

İdarə edən qayınana tipi isə ailəsində bütün problemləri özü həll etməyə adət edib. Belə qadın gəlin gəlməmişdən əvvəl evini hər zaman ideal təmiz saxlayıb, ailəsinin peşəkar aşbazı olub, ailənin bütün qayğılarını çəkib. Belə qayınana ilə bir evdə yola getmək üçün yalnız onun dedikləri ilə hesablaşmaq lazımdır. Gəlin onunla yaşayaraq müstəqil qərar verə bilməyəcək. Əgər gəlin sərbəstliyi sevən, üsyankar xasiyyətlidirsə, belə qayınana ilə yola gedə bilməyəcək.

Günahlandıran qayınana tipi isə hər zaman öz oğluna xatırladır ki, onu öz sağlamlığı bahasına dünyaya gətirib və böyüdüb. O, hər zaman gileylənir. Özünə daha çox diqqət və qayğı istəyir. Əksər hallarda onlar özləri gəlinlə münaqişə yaradır.

Eqoist qayınanaların isə həyatda yeganə sevinci sevimli oğludur. O, gəlini daxilən qəbul etmir. Çünki onun üçün etalon - o, özüdür. Bu tip qayınana ilə yola getmək çox çətindir. O, oğlunun qarşısında sizi pis vəziyyətdə görmək üçün hər bir şeyə əl atar. Özünü qurban verən qayınana tip isə özlərini oğluna görə qurban verirlər. Belələri yaxşı qayınana və uşaqcanlı nənələr olur. Gəlinini qızı kimi qəbul edir. O, gəlinə oğlunun müstəqil və ayrı yaşamasına yol verməyəcək. Hər zaman məsləhətlər verməyə çalışacaq.

Nazlı qayınana tipi özlərini ərköyün balaca uşaq kimi aparan qayınanalar hesab edilir. Onlar çox qısqanc olur, oğlunun ona qarşı olan diqqətsizliyindən şikayətlənirlər. Belə tip qayınanaların yalnız oğlunun sevgisinə və qayğısına ehtiyacı var. İdeal qayınana tipi isə bu ana, əgər onun övladı xoşbəxtdirsə, o, da xoşbəxtdir. Gəlin onun sözünə, köməyinə güvənə bilər. Bu tip qayınanalar, oğlu həyat yoldaşı ilə mübahisə edibsə, mütləq gəlinin tərəfini tutacaq. Günahı isə oğlunda və öz tərbiyəsində görəcək. Bu cür ideal qayınanalar özünə qarşı olan cüzi diqqətə görə də ürəkdən sevinir. Təbii ki, belə qayınanaların sayı elə də çox deyil.

Xeyirxah qayınanalar isə adətən özləri vaxtı ilə qayınanalarından pis münasibət görənlərdir. Bu səbəbdən də gəlinin də o əziyyəti çəkməsini istəmirlər. Onlar hər bir vəziyyətdə gəlinə kömək etməyə hazırdılar.

Bunu da unutmaq olmaz ki, bu münasibətlər sadəcə gəlin və qayınana ilə bağlı bir münasibət deyil. Qayınana və gəlin arasında münasibətlərin pozulması bütöv bir ailənin çalxalanması deməkdir. Düzdür, bu prosesdə ən çox qarşıdurmanın baş qəhrəmanları, yəni gəlin və qayınana daha çox zərər görəcəklər. Həm psixoloji mənada, həm də ailə münasibətləri mənasında çətinliklər yaşayacaqlar. Bu “toqquşmadan” əsas təsirlənən həm də kişilər və uşaqlar olacaq. Kişi həm gəlinin, həm qayınananın bölüşməkdə çətinlik çəkdiyi nəfərdir. Tarazlığını itirmədən tarazlığı təmin etmək məcburiyyətindədir. Bir tərəfdən anası, digər tərəfdən xanımı.Yəni bir tərəfdə məsuliyyətini aldığı, həyatı bölüşmək kimi söz verdiyi həyat yoldaşı, digər tərəfdə haqqını heç vaxt ödəməyəcəyi anası var. Kişi dəyər verdiyi bu iki insanın sıxıntısını yaşayır, hər ikisini də itirmək istəməz. Tərəfləri qane etməyə verdiyi emosional çıxarlar səbəbiylə qəzəb partlayışları və ya psixoloji problemlər yaşaya bilər. Onun da başa düşülməyə ehtiyacı var, yeganə həll nöqtəsi olaraq görülməməlidir. Eyni zamanda, nə ana, nə də gəlin onu seçim qarşısında qoymamalıdır.
Ailənin kiçik üzvləri sayılan uşaqlar isə böyüklərdən fərqli olaraq anası və nənəsi arasında baş verən qarşıdurmanın səbəblərini anlamaqda çətinlik yaşayırlar. Nənələrinin və analarının nəyi bölüşə bilmədiklərini bilməzlər. Bəzən analarına bəzən də nənələrinə hirslənərlər. Necə davranmaları lazım olduğuna qərar verməyə bilirlər. Bəzən sevgidoludurlar, amma bəzən duyduqları bəzi ifadələr ucbatından qəzəbdolu olurlar. "Sevsək, yoxsa hirslənsək?”, “Münasibəti kəssək, yoxsa davam etsək?” kimi toqquşmalar yaşayırlar. Bəzən iki tərəfi idarə etmək məcburiyyətində qalmaq və ya bir yaxşı və bir pis olmaq uşaqlarda şəxsiyyət problemləri yarada bilər. Bu səbəbdən uşaqlara bu prosesin əks olunacağı düşünülməli və onlardan  istifadə edilməməlidir. Yəni, uşağa ana tərəfindən nənə, nənə tərəfindən də anası şikayət edilməməlidir. Yaşanılanların uşağın şəxsiyyətini təsir göstərəcəyini unudulmamalıdır və çalışmaq lazımdır ki, uşaqlar söz-söhbətlərdən uzaq tutulsun.

Məsələyə münasibət bildirən psixoloq Narınc Rüstəmova deyir ki, cəmiyyətdə üçüncü şəxsin müdaxiləsi olan ailə tipləri mövcuddur:

“Bu ailə tipində əsas rolu qayınanalar oynayır. Gəlin-qayınana münasibətlərinə gəldikdə isə ya qayınana gəlini pisləyir, ya da gəlin qayınananı. Ortaq nöqtə tapmaq çox çətin olur. Belə hallarda qayınana fikirləşir ki, oğlunu bu yaşa kimi böyüdüb və birdən digər bir qadının onun oğluna sahiblənməsi qayınanada müəyyən qıcıq yaradır. Bu zaman oğlunu paylaşa bilməməsi düşüncəsi meydana çıxır.  Belə münasibətlər daha çox gəlin-qayınana bir yerdə olan ailələrdə yaşanır. Elə ailələr də var ki, burada qayınana hər işi öz üzərinə götürür. Gəlinin edəcəyi işləri də görür. Bu halda da münaqişələr meydana çıxır. Gəlin deyir ki, sənin anan mənim işimə qarışır, yaxud da gəlində tənbəllik yaranır və nəticədə problemlər baş qaldırır. Gəlinlər qayınanalarının tiplərini bilməlidir. Məsələn, idarəedən qayınanalar istəyir ki, hər şeyi öz üzərinə götürsün. Bu qayınanalarla yola getmək asandır. Belə qadınlar xoşlayırlar ki, gəlinləri hər zaman onlarla məsləhətləşsin və o da öz böyüklüyünü hiss etsin. Əgər gəlin bu qayınanalarla məsləhətləşirsə, onun fikirlərini öyrənirsə bu vaxt qayınananın gəlinə münasibəti çox yaxşı olur. Belə hallarda konfliktlər də azalır. İkinci tip araqarışdıran qayınanalardır ki, onlar bir az təhlükəli olur. Onlarla yaxşı davransan da pis başa düşəcəklər, pis davransan da. Sadəcə onlarla münasibətdə az olmaq lazımdır. Bu vaxt sakit durmaq yaxşı effekt verir. Belə tiplər «mən», «mən» sözünü qətiyyən sevmirlər”.

 

Oxunma sayı 420