Qazaxıstan olaylarının iqtisadiyyatımıza təsiri - MÜZAKİRƏ

17:05 07.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı yanvarın 2-dən etibarən ölkənin bir neçə bölgəsində davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb.

Bəs görəsən, ölkəmizlə fəal iqtisadi əlaqələri olan bir dövlətin daxilində baş verən belə proseslər Azərbaycan iqtisadiyyatına nə cür təsir göstərəcək? İki ölkə arasındakı tranzit xətləri üzərindən həyata keçirilən yükdaşımalar və s. bu kimi sahələrin fəaliyyətinə mane olan amillər varmı?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov hesab edir ki, Qazaxıstanda baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına elə bir ciddi təsiri ola bilməz:

“Bizim həmin ölkə ilə sıx əlaqələrimiz var. Azərbaycanlı bəzi sahibkarlar Qazaxıstanda müəyyən işlər görürlər. Bu cəhətdən bir sıra problemlər yaşana bilər. Məndə olan məlumata görə, artıq orada vəziyyət stabilləşib. Yəqin ki, 1-2 günə daha da normallaşar, proses çox uzun çəkməz. Qazaxıstanda sabitlik bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Növbəti müsahibimiz iqtisadçı ekspert Mahir Zeynalov da deputatla eyni fikirdədir. Onun sözlərinə görə, Qazaxıstanda baş verən hadisələr ölkəmizin iqtisadiyyatına bir-başa təsir göstərməyəcək.

Çünki Azərbaycanın əsas iqtisadi tərəfdaşları Avropa, Rusiya, Türkiyə və Gürcüstanladır. Ona görə də sözügedən ölkədə baş verən qarşıdurmalar Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinə böyük təsiri olmayacaq:

“Neft tranziti və digər yükdaşımalara gəldikdə isə, hesab edirəm ki, həmin ölkədə baş verən hadisələr uzun müddətli davam etməz.  Fikrimcə, yanvar ayı ərzində hər şey nəzarət altına alınacaq. Belə olan halda da bizim iqtisadiyyatımız Qazaxıstanda baş verən hadisələrdən ziyan görmür”.

İqtisadçı Fuad İbrahimov isə hesab edir ki, Qazaxıstanda mövcud vəziyyət qısa müddəti əhatə etsə, ölkəmizin iqtisadiyyatına heç bir təsiri olmayacaq. Lakin qarşıdurmalar davam etsə, bu bəzi sahələrə mənfi təsir göstərə bilər:

“Ölkələr və sahibkarlar arasında bağlanmış hər hansısa ticarət və yaxud  biznes müqavilələrinin icra müddətində qısa müddətli durğunluq baş verə bilər. Lakin krizis uzin illər davam etsə (Suriyada, İraqda olduğu kimi) bu zaman bütün icrada olan biznes müqavilələrinin tərkibi dayandırılacaqdır. Qazaxıstan həm də bizim tranzit qovşaqlarımızı hərəkətə gətirən ərazilərdən biridir. Çünki bu gün  ölkəmizə Çindən və başqa dövlətlərdən gələn məhsullar Qazaxıstan üzərindən həyata keçirilir. Qazaxıstanda baş verən hadisələr tranzit yüklərinin həcminə, daşınmasına mənfi təsir göstərə bilər. Hazırda biz Qazaxıstandan daha çox hazır neft, taxıl, metallurgiya sənayesi məhsulları idxal edirik”.