“Lonely Planet” beynəlxalq nəşri Qazaxıstanı 2025-ci ildə səyahət etmək üçün ən yaxşı ölkələr sırasına daxil edib.
Hafta.az-ın yazdığına görə, respublika digər ölkələr arasında zəngin tarixi, rəngarəng mənzərələri və nadir mədəni irsi ilə seçilir.
Nəşr yazıb ki, sitat: Qazaxıstan sadəcə ziyarət edilməli bir yer deyil, həm də kəşf olunmalı bütöv bir dünya, zəngin tarixdir. Qədim İpək Yolunun pıçıltısını Qazaxıstan şəhərlərini əhatə edən geniş çöllərdə və səhralarda hiss etmək olar.
Bu gün Qazaxıstanın turizm sektorunda təxminən yarım milyon insan çalışır və bu sektora yatırılan investisiyaların həcmi 1,6 milyard dollara çatıb. Mərkəzi Asiyanın ən böyük ölkəsində 14 milli park var. 2023-cü ilin yekunlarına görə, bu parkları 2,4 milyon turist ziyarət edib ki, bu da əvvəlki illə müqayisədə 20 faiz çoxdur.
Təkcə 2024-cü ilin sentyabrında Qazaxıstana 600 minə yaxın turist gəlib. Bunun əsas səbəbi V Dünya Köçəri Oyunlarının keçirilməsi və qazaxıstanlı Dimaş Kudaybergenin konserti olub. Bundan əlavə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, üç əsas turizm istiqamətinin - Almatı dağ klasterinin, Manqistov və Şuçinsk-Borovo kurort zonalarının inkişafına diqqət yetirilib.
Bu arada, ilk dəfə deyil ki, dünyaca məşhur turizm nəşrləri Qazaxıstanın turizm potensialına yüksək qiymət verir. 2024-cü ildə Conde Nast Traveler kimi nəhəng Qazaxıstanı dünyanın ən yaxşı 5 xizək istiqaməti sırasına daxil edib. Məşhur “Şimbulok” kurortu “MDB ölkələri arasında ən yaxşı xizək kurortu” adına layiq görülüb, Almatı isə “The New York Times”ın şərhinə görə ən yaxşı 52 turizm istiqaməti sırasında yer alıb.
1972-ci ildə Avstraliyada yaradılmış “Lonely Planet” orta gəlirli turistlər üçün bələdçilərin nəşri üzrə ixtisaslaşıb. Nəşrin illik tirajı dünya üzrə 6 milyon nüsxəyə çatır. “Lonely Planet” mütəxəssisləri hər il turistlərin, səyahət blogerlərinin və turizm sahəsində digər peşəkarların tövsiyələri əsasında səyahət istiqamətlərini seçirlər.