Azərbaycanda uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbulu məsələsi gündəmdədir. Hökumət üzvlərinin də açıqlamalarından belə başa düşülür ki, dövlət bu sənədin qəbulunda maraqlıdır. Ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov da sözügedən məsələyə toxunaraq Rəqabət Məcəlləsinin dövlətə lazım olduğunu bildirib: “Bu layihə dövlətə lazımdır. Bizə lazım olan layihələri biz müəyyənləşdiririk”.
Nazir vurğulayıb ki, İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsinin mümkün qədər tez ərsəyə gəlməsi üçün çalışır, hətta o olmadığı halda mövcud qanunlarda bunu nəzərə almağa çalışır: “Dövlət-özəl tərəfdaşlıq formatının yaradılması rəqabətin yaradılmasıdır. Bu qanun o sahələrdə yaradılır ki, həmin sahələrdə rəqabət yoxdur. Biz olmayan yerlərə rəqabəti gətiririk”.
Maraqlıdır, əgər bu layihə dövlət üçün vacibdirsə, o zaman sözügedən sənədin qəbul olunmasına mane olan səbəblər nədir? Ümumiyyətlə, bu gün Azərbaycanda daha çox hansı sahələrdə Rəqabət Məcəlləsinin tətbiq olunmasına ehtiyac var?
Məsələni hafta.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev deyib ki, Rəqabət Məcəlləsinin qəbul olunmamasına dair sual dəfələrlə iqtisadi maliyyə blokun rəhbər üzvlərinə ünvanlanıb:
“Biz bu sualı ötən həftə iqtisadiyyat nazirinə də verdik. Mikayıl müəllim də suala cavab olaraq qeyd etdi ki, iqtisadiyyat nazirinin, hökumətin bu qanunun tez qəbul olunmasında böyük marağı var. Amma qanunun üzərində işləmək lazımdır. Bu mürəkkəb qanundur, onun üzərində işləmək lazımdır. Lakin qanunun qəbul olunmasının vaxtıdır. Bunu imkan daxilində müzakirə edib qəbul eləmək lazımdır. Mən deyərdim ki, bu gün bizdə ən güclü rəqabət iaşə obyektlərindədir. Bu sektorda olan rəqabətin nəticələrini biz hamımız görürük. Yəni, qiymətin formalaşmasında, xidmətlərin artmasında bu özünü göstərir. Rəqabətlə bağlı bizdə daha böyük problem yaranan sektor xaricdən gətirilən mallardır.
Yəni, bizdə hər bir kiçik kapitala sahib olan sahibkar xaricdən mal gətirə bilmir. Bunun üçün xüsusi imkanlar lazımdır. Birinci, maliyyə imkanları, ikincisi xaricdəki şirkətlərlə sıx əlaqə lazımdır. O seqmentdə ki, bazarın oyuncusu kifayət qədər çoxdur, həmin bazarda rəqabət daha effektiv işləyir. O bazarda kı, rəqabət aparanların sayı nisbətən azdır, həmin bazarda rəqabət effektsiz olur. Bu gün idxal malları sektorunda bir malı 10-15 şirkət gətirir. Amma ehtiyac duyulur ki, hər malı gətirən şirkətlərin sayı məsələn, 30-a, 40-a çatdırılsın. Düzdür, mən bu misalı məcazi mənada qeyd edirəm. Çünki elə növ mallar var ki, bu gün bəlkə də həmin malların 100-dən yuxarı idxalçısı var. Amma bu yenə də kifayət etmir, ehtiyacı qarşılamır. Ona görə də rəqəbətlə bağlı zəifliyin nisbətən bu sahədə olduğunu düşünürəm. Yəni, Rəqabət qanununun işlək mexanizmi Azərbaycana idxal olunan mallar üzərində daha çox maraqlı olar. Sözsüz ki, həm biz millət vəkilləri, həm də hökumət qanunun vacibliyini başa düşürük. Lakin bir daha qeyd edirəm ki, bunun üzərində kifayət qədər işləmək lazımdır”.