Qeydiyyatsız mobil telefon satışı

02:30 12.06.2014
Yazını böyüt
Yazını kiçilt
Zakir Qasımov: «Vətəndaş mobil telefonun «IMEI» kodunun qeydiyyatının aparılmasını mağazadan tələb etməlidir»


Məlum olduğu kimi, 2013-cü ilin may ayının 1-dən etibarən Azərbaycanda mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətə başlayıb. Məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaratmaq, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan mobil cihazların ölkəyə idxalının qarşısının almaqdır. MCQS həmçinin itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. 1 may 2013-cü ildən etibarən şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilən və respublikamızın mobil operatorlarının SİM kartları vasitəsilə istifadə olunan hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində Mobil Cihazrların Qeydiyyatı Mərkəzində (MCQM) qeydiyyata alınması tələb olunur.
Son zamanlar istər Bakı şəhərindəki, istərsə də bölgələrdəki mağaza və dükanlarda satılan yeni mobil telefonlarla bağlı ciddi problemlər yaşanır. Söhbət həmin telefonlara qeydiyyat keçmə ilə bağlı SMS-lərin gəlməsindən, bahalı mobil telefonların MCQM-də qeydiyyata alınmadığı halda istifadəsiz əşyaya çevrilməsindən gedir. Bütün bunlar da mobil telefon işlətmək arzusunda olanların ciddi narahatlığına və narazılığına səbəb olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Tənzimləmə Şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov «Həftə içi»nə bildirir ki, ən ciddi problem müştərilərin məlumatsızlığı ilə əlaqədardır. Onun sözlərinə görə, «IMEI» kodları MCQM-dən qeydiyyatdan keçməyən mobil telefonlar mağazalarda satılmamalıdır: “Mobil telefonları toplu şəkildə ölkəyə idxal edən mağaza və dükan sahibləri və bundan sonra MCQM-ə müvafiq sənədlərlə müraciət etməlidirlər. Sahibkarlar mobil telefonları toplu şəkildə qeydiyyatdan keçirdikdən sonra satış üçün dükan və mağazalara paylamalıdırlar. Yəni, vətəndaş mobil telefon aldığı zaman ona qeydiyyatdan keçmə ilə bağlı SMS gəlirsə, burada qeyri-qanuni proseslər baş verib. Ona görə də ya aldığı mobil telefonu geri qaytarmalı, ya da telefonun «IMEI» kodunun qeydiyyatının aparılmasını mağazadan tələb etməlidir. Alıcı qanunvericilikdə nəzərdə tutulan orqanlara da müraciət edə bilər. Bu halda vətəndaşın mağaza ilə özü arasındakı münasibətləri tənzimləməsi olduqca vacibdir. Çünki şəxsin aldığı cihaz ölkəyə ya qeyri-qanuni şəkildə gətirilib, vergidən yayındırılıb, ya da telefonun keyfiyyət göstəricisi tələb olan standartlara uyğun deyil. Ona görə də vətəndaşlar mobil telefon alarkən diqqətli olmalıdırlar və onları rəsmi distribüterlərdən almalıdırlar. Çünki distribüterlərin satışa çıxardıqları cihazlar həm zəmanətlidir, həm də sertifikatlıdır».
Nazirlik rəsmisi vurğulayır ki, mobil telefonların «IMEI» kodlarının qeydiyyatı aparılarkən cihazın beynəlxalq standartlara cavab verməsi, zərərli şüalar yaymaması, oğurluq olmaması önəmlidir. Ona görə də idxalçılar mobil telefonları qeydiyyatdan keçirməməkdə maraqlı ola bilərlər. Çünki dükan sahibləri mobil telefonları toplu halda gətirdiyi üçün qeydiyyatdan keçirdiyi zaman dövlətə vergi ödəməlidir: «Ola bilər ki, mağaza sahibi vergidən yayınmaq üçün mobil cihazların «IMEI» kodlarının qeydiyyatını aparmasın. Satdığı telefonun qeydiyyatını alıcının üzərinə qoysun. Ona görə də vətəndaş mağazalardan mobil telefon alarkən onun qeydiyyatdan keçib-keçməməsi ilə maraqlanmalıdır».
Zakir Qasımov xatırladır ki, hər bir Azərbaycan vətəndaşı şəxsi istifadə məqsədilə respublika ərazisinə xaricdən gətirdiyi telefonları fərdi qaydada müraciət etməklə qeydiyyatdan keçirə bilərlər. Bunun üçün vətəndaşlardan heç bir vergi tələb olunmur: “Rüsum yalnız mobil telefonların topdan idxalı zamanı tətbiq olunur».
Zakir Qasımov əlavə edir ki, RYTN bu istiqamətdə maarifləndirməyə böyük önəm verir: «Hazırda yay ayları olduğu üçün bir çox vətəndaşımız xarici ölkələrə istirahətə yollanıb. Qayıdarkən özləri ilə mobil cihazlar da gətirə bilərlər. Bu halda onlar mobil cihazları zəmanətli və sertifikatlı olmasına xüsusi diqqət yetirsinlər. Əks halda standartlara uyğun olmayan, «IMEI» nömrələri beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmayan cihazların şəbəkədə istifadəsinə məhdudiyyət tətbiq olunacaq».

Təbriz Vəfalı
rubrikasından digər xəbərlər