Qeyri-aşkar şəraitdə törədilmiş daha bir cinayətin üstü açılıb

13:52 18.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əvvəllər də məlumat verildiyi kimi, prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılması ilə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsidir.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, 2017-ci il mayın 5-də gecə saat 02 radələrində Bakı-Quba magistral yolunun Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində naməlum avtomobilin 1952-ci il təvəllüdlü Bakı şəhəri sakini Kərimov Kamil Əhmədağa oğlunu vurub hadisə yerindən qaçması faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kərimov Kamil Əhmədağa oğlunun qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən 2019-cu il avqustun 19-da cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunmaqla istintaqın davam etdirilməsi Baş Prokurorluğun istintaq idarəsinə həvalə olunub.

Həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə Həsənov Bəhruz Bayram oğlunun bibisi oğlu Kamil Kərimovla 2017-ci il mayın 4-də gecə saatlarına kimi mərhumun qardaşı Feyruz Kərimov tərəfindən Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Yaşma bağlar massivində yerləşən bağ evində təşkil edilmiş məclisdə spirtli içkilər qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Kamil Kərimovun baş nahiyəsinə bir litrlik şüşə butulka ilə bir dəfə möhkəm zərbə vurmaqla ona sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan xəsarət yetirməsindən sonra Bakı-Quba magistral yolunun Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində düşürməsinə və nəticədə yolun kənarında olan Kamil Kərimovun naməlum avtomobillə vurularaq aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Bu əsasla sentyabrın 7-də cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə), 263.2-ci və 264-cü maddələrinə tövsif olunmaqla, istintaqın davam etdirilməsi Baş Prokuror tərəfindən Baş Prokurorluğun istintaq idarəsinə tapşırılıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, məhkəmə-bioloji, təkrar məhkəmə-tibbi, əlavə komisyon məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmuş, o cümlədən müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilib.

İstintaq zamanı təqsirləndirilən şəxs Bəhruz Həsənov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi əməli səmimi olaraq etiraf edib, bundan başqa hadisənin şahidi olmuş şəxslər hadisənin baş vermə şəraitini videoçəkilişlə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı olduğu kimi göstəriblər.

Bəhruz Həsənov sentyabrın 7-də Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub, sentyabrın 9-da isə ona həmin maddə ilə ittiham elan edilib. O, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda mərhum Kərimov Kamil Əhmədağa oğlunun meyitinin aşkarlanma şəraiti, o cümlədən hadisənin baş vermə şərait və mexanizmi, digər xüsusatların istintaq yolu ilə hərtərəfli öyrənilməsi məqsədilə Baş Prokurorluğun istintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxunma sayı 1545