Qəzzada 8 jurnalist həlak olub, 2 nəfəri isə itkin düşüb

10:20 11.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 8 jurnalist həlak olub.

Hafta.az-ın yazdığına görə, daha 10 jurnalist yaralanıb, 2 jurnalistin isə itkin düşüb. Ölən jurnalistlərin adlarının Səid əl-Tavil, Məhəmməd Sübh, Hişam ən-Nəvacihe, İbrahim Lafi, Məhəmməd Carqun, Məhəmməd əs-Salihi, Esad Şemlah və Səlamə Mime olduğu bildirilir. Nidal əl-Vahidi və Heysəm Əbdülvahidin də itkin düşdüyü açıqlanıb.

İsrail ordusunun həyata keçirdiyi hücumlarda 3 jurnalistin evi tamamilə dağılıb. Qəzzada 40 mətbuat və yayım təşkilatının hava hücumlarının hədəfində olduğu da bildirilib.

Oktyabrın 7-də HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Hücumlar nəticəsində Qəzzadan İsrailə minlərlə raket atılıb. İsrail ordusu da müdafiə məqsədilə Qəzza zolağına hava zərbələri endirib.

Son məlumatlara görə, Qəzzadan həyata keçirilən hücumlarda 1200 israillinin həyatını itirdiyi, 2806 nəfərin isə yaralandığı bildirilib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən Qəzza tərəfi də 950 nəfərin həlak olduğunu, 5 min nəfərin isə yaralandığını açıqlayıb. 

Siyasət rubrikasından digər xəbərlər