Qiymətlər bu tarixdən UCUZLAŞACAQ

12:51 03.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Həm Mərkəzi Bank, həm də beynəlxalq maliyyə təşkilatları gələn il üçün Azərbaycanda birrəqəmli inflyasiya proqnoz edirlər.

Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Xalid Kərimli bildirib:

“Bu ildən fərqli olaraq 2023-cü ildə birrəqəmli inflyasiya proqnoz edilir. Bilirsiniz ki, bu il ərzaq inflyasiyası 20 faizi, ümumi inflyasiya isə 15 faizin üzərindədir. Amma gələn il bu inflyasiya meyllərinin aşağı düşəcəyi gözlənilir. Bu prosesin təkcə Azərbaycanda deyil, gələn ildən bütün ölkələrdə müşahidə ediləcəyi proqnozlaşdırılır. Bunun da əsas səbəbləri dünyada Mərkəzi Bankların apardıqları siyasətdir. Mərkəzi Bankların hamısı qiymət səviyyəsini aşağı salmaq üçün sərt pul-kredit siyasəti həyata keçirirlər. Azərbaycan Mərkəzi Bankı da bu siyasəti davam etdirir. Ona görə də hesab edirəm ki, gözlənilməz hansısa fövqaladə hadisə baş verməzsə, dünya Mərkəzi Banklarının apardığı siyasət onu deməyə əsas verir ki, biz tədricən inflyasiya meyllərinin aşağı düşəcəyini gözləyirik.

Azərbaycana da inflyasiya əsasən xaricdən idxal olunur. Bu baxımdan ölkəmiz inflyasiyanın səviyyəsinə o qədər də ciddi təsir göstərəcək gücdə deyil. Buna görə inflyasiyanın aşağı salınması ilə bağlı bizim edə biləcəyimiz çox işlər yoxdur. Amma təbii ki, Azərbaycanın da Mərkəzi Bankı çalışır ki, dövriyyədə artıq pul vəsaiti olmasın və bununla bağlı müxtəlif addımlar atır.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi xüsusilə inhisarçıların qiymət qoyması üzərində nəzarəti artırmalıdır ki, inhisarçılar qiymətlər aşağı düşəndə də onu bazara hiss etdirsinlər. Necə ki, qiymətlər bahalaşanda dərhal bahalaşmaya gedilir, eyni sürətdə də qiymətlər aşağı düşəndə bu addımı atsınlar. Yəni, bu məsələdə hökümətimizin atacağı əsas addımlar idxalçıların, xüsusən də istehsal inhisarçıları üzərində nəzarətin artırılmasıdır. Ümumilikdə isə gələn ildən gözləntim ondan ibarətdir ki, 2023-cü ildə bu ilə nisbətdə dünyada baş verən proseslər fonunda qlobal miqyaslı inflyasiya aşağı düşəcək. Bunun da Azərbaycana təsiri olacaq”.