Qızılgül məhsulları - Menyu

14:07 27.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Yazın gəlişi isti havaların özünü göstərdiyi bu günlərdə qış üçün tədarük görməyin əsl vaxtıdır. Elə isə bu yazımızı diqqətlə oxuyun.

Pürrəngi çayı mürəbbəsiz təsəvvür etmək mümkünsüzdür. Növbənöv mürəbbələr, həmçinin  səhər yeməklərinin də əvəzolunmazı hesab edilir. Ölkəmizdə bu qidaya o qədər çox üstünlük verilir ki, qarpızdan, badımcandan belə onu hazırlayanlar var. Üstəlik, hər il ənənəvi olaraq mürəbbə festivalı da keçirilir.

Budəfəki mövzumuz hər kəsin sevərək hazırladığı, xüsusən də səhər yeməklərində üstünlük verilən qızılgül mürəbbəsi və qızılgüldən hazırlanan digər qidalardır.

Ətri və gözəlliyi min bir dərdə çarə sayılan bir iri qızılgül kolundan mövsümboyu 800-1000 çiçək əmələ gəlir. Onun hər çiçəyində isə 60-120 ləçək olur. Normal şəraitdə yetişən qızılgül kolu 30-50 il ömür sürür. Çiçəklərin qurudulmuş tumurcuqları və açmış ləçəkləri çaya atıldıqda xüsusi ahəng yaradır, ləzzətinə ləzzət qatır. Elm sübut edir ki, qızılgülün ətri insana müsbət aura bağışlayır, sinir sisteminə sakitləşdirici təsir edir.

Qiymətlər

Hafta.az-ın əməkdaşı qızılgüllə bağlı ətraflı məlumat əldə etmək üçün yerli satış məntəqələrinə üz tutdu. Ətirli və təzə gül ləçəklərini marketlərdən deyil, daha çox səyyar satış obyektlərindən tapmaq mümkündür, o da ki əgər vaxtında getmisənsə. Satıcılar deyirlər ki, qızılgül indi ən çox soruşulan məhsuldur. Elə buna görə də gəlməyi ilə qurtarması bir olur. Hazırda məhsulun bir kiloqramı 4 manata satılır. Səyyar satış ilə məşğul olan Fuad bəy deyir ki, elə gün olub, səhər satmaq üçün axşamdan gətirilən qızılgül ləçəkləri ilə axşam da satılıb qurtarıb:

“Qızılgüllər tez xarab olan məhsuldur. Onu otaq temperaturunda 2 gündən artıq saxlamaq olmaz. Satışa çıxarandan bəri heç belə problemlə üzləşməmişik, çünki tez alınır”.

Bundan başqa, satıcı gül ləçəklərinin onlara Cəlilabad, İsmayıllı, İmişli və başqa digər rayonlardan gətirildiyini də bildirdi:

“Bəzi günlər qızılgülün qiyməti 3 manat, əksər hallarda isə 4 manat olur. Onun  səbəbi bizə gəliş qiymətidir”.  

Satıcının sözlərinə görə, gətirilən gül ləçəklərinə digər güllərin ləçəklərini qatmaq, bununla da müştəriləri aldatmaq bir qədər çətindir. Çünki, qızılgülün özünəməxsus spesifik ətri var. Əgər qatqar olarsa ətirlər də bir-birinə qarışır. Bu zaman məhsulun təmiz olmadığı aydınlaşır. 

Xatırladaq ki, qızılgül ləçəklərindən tək mürəbbə deyil, gülqəndi, gülab, kompot və s. hazırlanır.

Qızılgül mürəbbəsinin hazırlanma qaydası

200 qr - qızılgül ləçəkləri

2 st - şəkər tozu

½ ədəd - limon suyu

2 st – su

Təmizlənmiş ləçəklərin üzərinə şəkər tozu əlavə edib, bir gecə dəqiqə gözləyin (qızılgül mürəbbəsi hazırlamaq üçün yaxşı olardı ki, ləçəklər bir gün öncədən şəkər tozunda gözlədilsin. Belə olan halda yarpaqlar şəkərlə özləşir, suyunu salır). Səhərisi gün qızılgül yarpaqlarını aşağı templə su ilə birlikdə qaynamağa qoyun. Qaynamağa başladıqda üzərinə lumu suyu əlavə edib  təxminən 20 dəqiqə qarışdırmağınız kifayətdir. Mürəbbə soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Gül suyu

Gül suyu qədim zamanlardan bəri ölkəmizdə yas mərasimlərində istifadə edilib. Onun dəriyə faydalarını, gözəlliyə xidmətini gözardı etmək olmaz. Bu məhsul bir sıra bahalı kosmetik vasitələrdən daha faydalı və səmərəlidir. Onu hazırlamaq isə olduqca sadədir:

5 ədəd gül yarpağı

Yarım litr su

Qazana su töküb, altını yüksək templə yandırın. Daha sonra isə gül ləçəklərini əlavə edin. Qaynamağa başladıqda isə ocağın istiliyini azaldıb 10 dəqiqə bu tempdə qaynamasını gözləyin. Soyuduqdan sonra süzüb, əvvəl də vurğuladığımız kimi, cildinizi təmizləməyə və gözəlləşdirməyə istifadə edə bilərsiniz.

Gərgin iş günündən sonra üzünüzü qızılgül suyunda isladılmış pambıqla silib bir qədər uzanmaq insanı  sakitləşdirir və gərginliyin azalmasına kömək edir. Baş ağrıları, miqren zamanı pambıq parçanı gül suyunda bir qədər isladıb alına qoyduqda ağrı azalır.  Bu damaq problemləri zamanı, yəni, iltihabların aradan qaldırılmasında  da sağaldıcı təsirə malikdir. Ağız boşluğu qızılgül suyu ilə bir neçə gün qarqara edildikdə iltihab azalır. Qızılgül suyu həzm sisteminə də  çox müsbət təsir edir, mədə-bağırsaq sistemində olan iltihabları azaldır və ya tamamilə sağaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.