Qorbaçovun aldığı mükafata ölümündən sonra Navalnı da layiq görüldü

17:46 04.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

2024-cü ildə Drezden Sülh Mükafatı ölümündən sonra Rusiya müxalifətinin liderlərindən biri, fevralın 16-da Rusiya koloniyalarından birində dünyasını dəyişən Aleksey Navalnıya verilib.

Hafta.az “Meduza”ya istinadla xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Mükafat müxalifət liderinin dul xanımı Yuliya Navalnayaya mayın 12-də Drezden Dövlət Dram Teatrında (Staatsschauspiel Drezden) təqdim olunacaq.

Drezden Sülh Mükafatı hər il sülh və beynəlxalq anlaşmaya görkəmli töhfələr vermiş şəxslərə verilir. Rusiyadan yalnız iki nəfər -SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçova(2010-cu il) və 1983-cü ildə SSRİ ilə ABŞ arasında potensial nüvə münaqişəsinin qarşısını alan hərbçi Stanislav Petrov (2015-ci il) da layiq görülüb.

Xatırladılır ki,  2021-ci ilin oktyabrında Avropa Parlamenti Navalnıya Avropa Birliyinin insan hüquqları sahəsində əsas mükafatı olan Andrey Saxarov adına Fikir Azadlığı Mükafatını verdi. Navalnı həmçinin demokratik dəyərləri və vətəndaş fəallığını təbliğ etdiyinə görə Amerika Vətəndaş Cəsarət Mükafatı, Cenevrə İnsan Hüquqları Forumu Cəsarət Mükafatı, “Freedom Forum”- Azad Söz Mükafatı və digər mükafatların laureatı olub.

Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp şəhərindəki koloniyada dünyasını dəyişib. Ölüm hesabatında onun səbəbləri "təbii" olduğu bildirilir. Siyasətçinin tərəfdaşları isə Navalnının öldürüldüyünü hesab edirlər.