Gələn illərdə Əhya gecələrini Qarabağda da keçirərik
Günlərini yaşadığımız, möminlərin oruc tutduğu Müqəddəs Ramazan ayının yarısı tamamlanandan sonra, artıq “Əhya” da adlandırılan Qədir gecələrinə hazırlıq başlanır. Tanınmış din xadimi və ilahiyyatçı Hacı Şahin öz moizələrində “Əhya” sözünün mənasını belə izah edir:
“Əhya sözü əslində «ihya» sözü kimi yazılır. «İhya» sözünün mənası isə «diri saxlamaq» deməkdir. «Həyy» sözü «diri» mənasını, «ihya» sözü isə «diriltmək» mənasını ifadə edir. İstilahda Qədr gecəsində insanın oyaq qalaraq ibadət etməsinə «ihya» deyilir”.
Qədr gecəsi - Qurani-Kərimin lövhi-məfhuzdan tam şəkildə nazil edildiyi Ramazan gecələrindən biri hesab olunur. Buna Allahın sonuncu Kitabı - Qurani-Kərimdə iki ayə dəlalət edir.
Ali-İmran surəsinin 185-ci ayəsindən deyilir:
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”.
Qədr surəsinin 1-ci ayəsində isə deyilir:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik”.
Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır.
Söylənilənlərə əsasən Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin(Ələq surəsi 1-5-ci ayələr) nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.

Qədr gecəsi - əslində bir neçə yox, bir gecədir. Sadəcə, insanlara Quranın məhz hansı gecə nazil olması məlum olmadığından və ehtimal olunan gecələrin sayı çox olduğundan gecə sözü cəmdə işlədilir.
Dediyimiz kimi, Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. İslam Peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə "Əhya gecələri" kimi daxil olmuşdur. Əhli-sünnə mənbələrində Qədr gecəsinin sonuncu 10 gecənin içərisində, xüsusən də 27-ci gecənin olduğu güman edilir. Bu barədə hədislər nəql olmuşdur.
Şiə mənbələrində Qədr gecəsinin ən çox ehtimal verildiyi gecə, ramazan ayının 23-cü gecəsidir.
Bu minvalla builki Ramazan ayının Əhya gecələri üçün 2, 4, 6, yaxud 9 may tarixləri nəzərdə tutulur.
Qədr gecəsinin fəzilətləri barədə Qədr surəsinin 2-5-ci ayələrində belə deyilir:
"(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)”
Qədr gecəsinin əhəmiyyəti barədə həmçinin Duxan surəsinin 3-6-cı ayələrində də qeyd olunur:
"Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur - Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk - Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!).
Qədr gecəsinin konkret hansı gecə olması barədə Qurani-Kərimdə açıqlama verilməməsinin səbəbləri haqda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev “Həftə içi”nə açıqlamasında bunları söyləyib:
“Əslində, bu barədə bizim nəsə söyləmək hüququmuz da yoxdur. Allah-Taala Quranın Qədr surəsinin 2-ci ayəsində Peyğəmbərimizə (s) buyurur ki, “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?”. Təfsirlərdə də məşhur din alimlərimiz açıqlayırlar ki, Yaradan öz Peyğəmbərindən də o gecəni gizli saxlayıb. Qədr gecəsinin bir gecə olmasına şübhə yoxdur. Bir hədisə görə, Rəsulullahdan sual ediblər ki, ya Rəsulullah, Qədr gecəsinin daha çox hansı gecə olduğu ehtimal edilir; O cavab verib ki, Ramazan ayının son 10 günündən biri. Allahın Qədr gecəsinin vaxtını Peyğəmbərindən gizli saxlamasının səbəbi də odur ki, Yaradanımız istəyir ki, insanlar bütün Ramazan gecələrini Qədr gecəsi kimi qəbul etsinlər və mümkünsə, oyaq qalmağa, dualar etməyə çalışsınlar. İnsan oğlu özünədək yaranmış canlılardan fərqlənir. Nə ilə? Düşüncəsi, ağlı, təfəkkürü ilə. Digər canlılardan fərqli olaraq insanın qidalanmasına da, yatmasına da, hərəkətlərinə də ağıl nəzarət edir. Məhz Qədr gecəsində Alllah-Taala Quranı bütövlüklə Peyğəmbərimizə (s) göndərib. Odur ki, bu haqda təfəkkür etmək üçün möminlər həmin gecəni oyaq qalmağa borcludur. O gecənin konkret hansı tarixdə olduğunu bilmədiyindən insan çalışır ki, Ramazanın 30 gecəsini də oyaq qalsın. “Əhya” sözü də məhz oyaq qalmaq, mənəviyyatı ayıq saxlamaq mənasındadır. Quranda deyilir ki, Qədr gecəsi min aya bərabər bir gecədir. Min ay isə 84 ilə bərabərdir. Həmin gecə, hətta mələklər də nazil olub Yerə gələr. Bu əzəməti təfəkkür edən şəxs üçün gündüzləri oruc tutmaq, gecələri isə oyaq qalmaq böyük çətinlik kəsb etməz. Qədr gecəsinin fəzilətindən, vəsfindən, savablndan nə qədər danışsaq, qurtaran deyil...”.
Qədr gecəsində müstəhəbdir:
Qüsl etmək (ən fəzilətli vaxtı gün batan vaxtdır.)
İşa namazından sonra iki rükət namaz qılmaq. Namazların hər rükətində Həmd surəsindən sonra 7 dəfə İxlas surəsini oxumaq.
Namazdan sonra 70 dəfə "Əstəğfürullah və ətubu-ileyh" demək.
Bu gecə tövbə edib, bağışlanmaq diləmək, Quran oxumaq, dua etmək bəyənilən işlərdəndir. Boynunda qəza namazları olanlar daha yaxşı olar ki, qəza namazı da qılsınlar.
Dualardan "Coşən-Kəbir" duasını oxumaq daha çox təkid olunub. Belə ki, bu duada Allahın 1001 adı çəkilir və ehtimal olunur ki, Əsmaül-Hüsna (Allahın ən gözəl adları) bu adların içərisindədir. Bu duadan sonra hacətlərini Allahdan istəsən, onların icabət olunması ehtimalı böyükdür.
Şeyxülislamın müavini pandemiya dövrü olduğu üçün, ötən olduğu kimi, bu il də Ramazan ayında kütləvi ibadətlərə, o cümlədən Əhya gecələrində məscidlərimizə toplaşmağa icazə verilmədiyini bildirib.
“Əvvəlki illərdə təravih namazları və Əhya gecələrində ölkəmizdəki bütün məzhəb nümayəndələri vəhdət şəklində eyni məscidlərə yığışırdı. Bunun da təbii ki, öz fəziləti və gözəlliyi vardı. Hər bir mömin, hər bir oruc tutan öz ailəsində, öz evində, öz doğmaları ilə birgə namazlarını qılır, dualarını edir və Əhya gecələrini saxlayır. İnşallah, bu bəla- pandemiya bitər, məscidlərimizdə birgə toplanmağa, namaz qılmağa icazə verilər və Ramazanla bağlı gözəl tədbirlərimizi, o cümlədən Əhya gecələrini də yenə də birgə keçirər və Qədr gecəsinin savabını, fəzilətini birgə yaşayarıq. Onu da vurğulayım ki, bu il Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu, nəticədə bu ilin Ramazanına qalib millət, qalib xalq kimi daxil olduq. Və bu günlərdə Prezident İlham Əliyev Birinci Vitse-Prezident Mehriban Əliyeva ilə birgə Zəngilanda bərpa olunacaq məscidin divarına daş hördü. Bundan öncə dövlət başçısı Şuşadakı, Ağdamdakı və s. məscidlərimizin bərpası və təmiri haqda göstəriş verib. Ali Baş Komandanın atdığı bu addımlar alqışalayiq addımlardır. Bu da biz möminlərdə böyük ümidlər yaradır ki, tezliklə Qarabağdakı, işğaldan azad torpaqlarımızdakı bütün məscidlərdə də azan səsləri ucalacaq və o ibadətgahlarımızda Cümə namazlarımızı qılacaq, digər kütləvi tədbirləri, o cümlədən Əhya gecələrini də birgə keçirəcək, yaşayacağıq. Allah-Təala tezliklə bunları bizə nəsib etsin”- Hacı Fuad Nurullayev belə deyib.