Məlum olduğu kimi, MSK uzun müddətdən sonra fevralın ilk həftələrində yenidən toplandı və seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatdı.
Digər tərəfdən, xeyli vaxtdır ölkədə referendumun keçiriləcəyi, konstitusiyada dəyişikliklərin olacağı, Naxçıvanın status məsələsi müzakirə predmetidir. Ümumən, indiki mərhələdə müşahidə olunan seçki fəallığı nə ilə bağlıdır?
Siyasi partiya rəhbərləri məsələyə birmənalı yanaşmayıb.
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov "Həftə içi"nə bildirib ki, Mərkəzi Seçki Komissiyasının toplanaraq seçici siyahılarını təsdiq etməsi təqdirəlayiq haldır. Onun sözlərinə görə, respublikamızın bütün sahələrində islahatlar getdiyi bir dövrdə MSK-nın da fəallaşması təbiidir.
Ölkədə referendumun keçirilməsi və konistitusiyada dəyişiliklərin olunmasına gəlincə, R.Qurbanov qeyd edib ki, belə düşünüb, mülahizə yürütməyə əsas var.
ALDP sədri Fuad Əliyev hafta.az-a bildirib ki, MSK hər ilin əvvəlində seçici siyahılarını nəzərdən kecirir və dəqiqləsdirir. Onun fikrincə, burada qeyri-adi heç nə yoxdur.
Partiya sədri referendumun keçirilməsi ilə bağlı məsələ ətrafında son iki il ərzində aparılan müzakirələrə diqqət çəkib: “Hesab edirəm, Vətən Müharibəsindən sonra Konstitusiyada bir neçə dəyisiklik etmək lazimdir, o cümlədən də Naxçıvanın statusu ilə bağlı məsələdə. Artıq referendumun kecirilmasi sosial sifarisdir. Konstitusiya dəyisiklikləri ilə bagli təkliflərimizi vermisik. Nazirlər Kabinetinin ləgv edilməsi və vitse-prezidentlik institutuna genis imkanlar verilməsi, proporsional secki sisteminin bərpasi, icra hakimiyyətlərinin ləğv olunmasi və Prezidentin 9 regional nümayəndəsinin təyin olunması, böyuk şəhər bələdiyyələrinin yaradılmasi və digər məsələlərlə bağlı təkliflərimizi vermisik. Bu il MSK-da seçki və referendum xərcləri büdcədə 30 milyon nəzərdə tutulub. Bunu nəzərə alsaq, ola bilsin, bu il referendum keçirilsin. Amma bununla bagli Milli Məclis təşəbbüslə çıxış etməli, dövlət başçısına müraciət etməlidir”.
YAP İdarə Heyətinuin üzvü, politoloq Asif Əsgərli hafta.az-a bildirir ki, MSK-nın iclas keçirməsində qeyri-adi heç nə yoxdur. Onun fikrincə, ölkə ictimaiyyətində formalaşan “MSK, ancaq seçki ərəfəsində toplaşa bilər” düşüncəsi yanlışdır.
“Bilməliyik ki, MSK-nın illik fəaliyyət planı var və seçici siyahılarının dəqiqləşdirilməsi hər il aparılır. 18 yaşı tamam olanlar yeni seşki siyahısına əlavə olunur, dünyadan köçənlər siyahıdan çıxarılır. Eləcə də digər təşkilati-texniki işlər həyata keçirilir. Dairələr, dislokasiya yerləri üzrə ümumi olaraq seçici siyahıları hər il MSK-da təsdiq olunmalıdır. Ona görə də bu, MSK-nın qrafik üzrə keçirdiyi növbəti iclaslarından biri idi və burada qeyri-adi məsələ yoxdur”.
A.Əsgərli hesab edir ki, referendumun keçirilməsi və Konstitusiyaya dəyişikliklə bağlı hələlik hər hansı qərar yoxdur. Onun sözlərinə görə, bununla bağlı qərarı ölkə Prezidenti imzalamalıdır.
“Cənab Prezidentin belə bir qərarı yoxdur və ona görə də bu istiqamətdə əvvəlcədən fikir bildirmək doğru deyil. Bununla bağlı hər hansı sərəncam, qərar olarsa, MSK-da və prosesdə iştirak edən bütün siyasi partiyalar da öz fəaliyyətlərini buna uyğun quracaqdır”.