Rekordlar qıran qəbul ili

17:32 03.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üzrə respublikanın ali məktəblərinə qəbul imtahanlarına yekun vurub. DİM avqust ayında abituriyentlər üçün ixtisas seçimini elan edəcək. I ixtisas qrupu üzrə ixtisas seçimi üçün müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi  istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

Meliorasiya mühəndisliyi;

Texnologiya müəllimliyi;

Ekologiya mühəndisliyi.

Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər:

Aqromühəndislik;

Aqronomluq;

Balıqçılıq;

Meşəçilik;

Şərabçılıq;

Torpaqşünaslıq və aqrokimya;

Yerquruluşu və daşınmaz əmlakın kadastrı;

Zoomühəndislik.

II ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Belə ki, dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi  istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili  fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

Marketinq;

Biznesin idarə edilməsi;

Turizm bələdçiliyi;

Turizm işinin təşkili.

III ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq. Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq.

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil  fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq.

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

Muzey, arxiv işi və abidələrin qorunması;

Sosial iş;

Regionşünaslıq (regionlar üzrə).

IV ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq. Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili  fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq.

Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

Ekologiya.

Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

Bağçılıq və tərəvəzçilik;

Baytarlıq təbabəti;

Bitki mühafizəsi;

Su bioehtiyatları və akvakultura.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2024-cü ildə ali məktəblərə keçirilən qəbul imtahanları nəticələr baxımından əvvəlki illərdən ciddi şəkildə fərqlənir: “Cari ilin mart ayının 3-də və 10-da keçirilən buraxılış imtahanlarından sonra Azərbaycanda fantastik sayda insan maksimum bal topladı. Belə ki, 300 bal toplayanların sayı 54 nəfər idi. Bu isə ümumilikdə əvvəlki illərlə müqayisədə orta bal toplayan abituriyentlərin sayının çox olmasına gətirib çıxardı. Bu il ən gərgin vəziyyət III ixtisas qrupunda olacaq. Belə ki, burada 500 və 600-dən yuxarı bal toplayanların sayı keçən illə müqayisədə dəfələrlə çoxdur. IV ixtisas qrupunda da biz gərgin tibb ixtisasında vəziyyət görəcəyik. I və II ixtisas qruplarında abituriyentlər digər qruplardan daha şanslıdırlar. II ixtisas qrupunda müsabiqə şərtini ödəyən abituriyentlərin rahatlıqla qəbul olmaq şansları çoxdur. Hətta burada subbakalvrların, yəni kollec məzunlarının da qəbul olmaq şansı digər qruplarla müqayisədə daha çoxdur”.

Onun sözlərinə görə, I ixtisas qrupunda ən gərgin vəziyyət informasiya təhlükəsizliyi və informasiya texnologiyaları ixtisaslarında olacaq: “II ixtisas qrupunda gərgin vəziyyət maliyyə ixtisasında görəcəyik. Təbii ki, III ixtisas qrupunda ən gərgi mübarizə hüquq ixtisasında olacaq. Amma abituriyentlər üçün yaxşı xəbər odur ki, bu il tarixi torpağımız olan Xankəndidə Qarabağ Universiteti, bununla yanaşı İtaliya-Azərbaycan Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Bu da universitetlərdə rəqabət mühiti yaradacaq. Əvvəllər universitetlər rahat idilər ki, onsuz da abituriyentlər onları seçəcək. Amma Qarabağ Universitetində tələbələrə kifayət qədər güzəşt və imtiyazların verilməsi, Bakıdakı yüksək balla qəbul olanlara öz təsirini göstərəcək”.

Ekspert qeyd edib ki, bu il ali təhsil müəssisələrinin plan yeri artıb: “2023-cü ildə ali təhsil müəssisələrinin plan yeri 55.800 idisə, bu il 60 minə çatıb. Ona görə də "Abituriyent-4" jurnalını gözləsinlər. Kim keçən ilki ballarla ixtisas seçimi edirsə, onlar yanlış addım atırlar. Hər il bu tipli yolla ixtisas seçimi edib 500-dən çox balla kənarda qalan kifayət qədər abituriyentlər olur. Ona görə də statistik göstəriciləri gözləsinlər və bundan sonra ixtisas seçimi etsinlər”.