Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti (VDD) sökülməli olan sovet abidələrini qorumaq üçün yaradılan “Gecə gözətçisi” qrupunun üzvü Aleksandr Jqunu saxlayıb.
Hafta.az-ın yazdığına görə, bu barədə departamentin "Delfi" portalının sorğusuna cavabında deyilir.
Çərşənbə axşamı Riqa Şəhər Məhkəməsi VDD-nin tələbi ilə Jqun barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmənin qərarından yaxın günlərdə Riqa Vilayət Məhkəməsinə şikayət verilə bilər.
Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti hələ ki, Jquna qarşı ittiham irəli sürüldüklərini açıqlamayıb. Amma bir gün əvvəl Rusiya mətbuatı daha əvvəl abidələrin sökülməsinə fəal qarşı çıxan Jqunun işə gedərkən saxlanıldığını, daha sonra evinə gedərək orada axtarış aparıldığını yazıb.
Jqun Sovet abidələrinin müdafiəsinə qalxan Latviya - Rusiya İttifaqı Partiyasının təşkil etdiyi "Gecə gözətçisi" qrupunun üzvüdür.
Xatırladaq ki, mart ayında Latviyanın Baş Prokurorluğu Kreml nağıllarının yayılması ilə əlaqədar “Rusiya - Latviya İttifaqı”na ikinci dəfə xəbərdarlıq edib.