Rusiya mətbuatında “2023-cü ilin ən yaxşı istirahət yerləri” müəyyənləşib.
Hafta.az-ın News.ru-ya istinadən yazdığına görə, turizm sənayesi ekspertlərinin hazırladığı siyahıda qiymətlə yanaşı, turizm infrastrukturu, təhlükəsizlik və yerli əhalinin rusiyalı turistlərə yanaşması kimi kriteriyalar da dəyərləndirilib.
Siyahının başında Türkiyə yer alır. Qiymət artımına baxmayaraq, bəzi türk otelləri araşdırmada endirimə getməyə razılıq verib və Türkiyənin hələ də yay tətili üçün ən sərfəli istiqamətlərdən biri olduğuna diqqət çəkilib.
Bildirilib ki, iyul ayında Türkiyə otellərində iki nəfər üçün iki həftəlik istirahətin qiyməti 100-150 min rubl təşkil edir (nəqliyyat xaric). İkinci yerdə olan Misirdə də bu göstərici eyni səviyyədədir. Birləşmiş Ərəb Əmirliklərində iki nəfər üçün iki həftəlik tətilin qiyməti 135 min rubl təşkil edir. Abxaziya dördüncü, Yunanıstan və Cənubi Kipr isə beşinci yerdədir.
Araşdırmaya əsasən, siyahıda yer alan ölkələr üçün rus turistlərə mənfi yanaşma ehtimalı olan yerlər Yunanıstan və Cənubi Kiprdir.