Rusiya Xarici İşlər Nazirliyi rusiyalı turistlərə “təhlükəsizlik xəbərdarlığı” edib. Rusiyanın Misirdəki səfirliyi ölkənin cənubundakı Əsvan bölgəsində mədə-bağırsaq infeksiyasının yayıldığını bildirib.
Hafta.az-ın yazdığına görə, ona görə də rusiyalı turistlərə bu bölgəyə səyahət etməmək tövsiyə olunur. Əsvanda 130 nəfərin xəstələndiyi epidemiyaya görə gigiyena qaydalarına ciddi əməl edilməli, şübhəli su mənbələrindən su içilməməli, yalnız yaxşı bişmiş ət və balıq istehlak edilməlidir.
Boliviyada daxili siyasi gərginlik səbəbindən Rusiyanın bu ölkədəki səfirliyi turistlərə səyahət etməməyi tövsiyə edib. Ölkədəki gərginlik hazırkı prezident Luis Arce ilə keçmiş prezident Evo Morales tərəfdarları arasında fikir ayrılıqlarından qaynaqlanır. Rus turistlərin Boliviyaya tez-tez səyahət etmədikləri, lakin Titikaka gölü, Uyuni Duz Gölü kimi məşhur yerlərin diqqət çəkdiyi bildirilir.
Keçən həftə marksist namizədin prezident seçildiyi Şri-Lankada da siyasi gərginlik yüksəkdir. Bu müddət ərzində Rusiyanın Şri-Lankadakı səfirliyi adada səyahət edən vətəndaşlarına diqqətli olmaları barədə xəbərdarlıq edib. Seçkidən sonrakı dövrdə kütləvi insan hərəkətlərindən qaçmaq, adada səyahət edərkən maksimum diqqətli olmaq, həyat üçün təhlükə yarada biləcək hallarda səfirliklə əlaqə saxlamaq tövsiyə olunub.