Rusiya 12 ildən sonra 2007-ci ilə qayıda biləcək

09:50 05.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ancaq 12 ildən sonra “arzulanan iqtisadi illər” adlandırılan 2007-ci ilə qayıda bilər.

Hafta.az-ın yazdığına görə, Kremlə yaxınlığı ilə tanınan iş adamı Oleq Deripaska 2005, 2006 və 2007-ci illəri "xəyal iqtisadiyyatı" kimi xarakterizə edərək, Rusiyanın bu iqtisadiyyata yalnız 12 ildən sonra qayıda biləcəyini, lakin bu yolun çətin olacağına inandığını bildirib.

Rusiya Mərkəzi Bankının Maliyyə Konqresində çıxış edən Deripaska, “Biz hamımız 2005, 2006 və 2007-ci illərdə xəyal iqtisadiyyatının necə ola biləcəyini gördük. Bəli, çətin olacaq, adaptasiya və restavrasiyalardan sonra, belə demək mümkünsə, bu çətin yolun 12 ili olacaq” deyib.

RİA Novosti-nin məlumatına görə, iş adamı ən azı dörd dəfə arta bilən borc və istiqraz bazarı ilə birlikdə özəlləşdirməni iqtisadiyyatın kozır kartlarından biri kimi səciyyələndirib və sonuncu üçün kifayət qədər resursların olduğunu bildirib. Qeyd edib ki, hazırda şirkətlərin 75 faizi dövlətə məxsusdur.

Deripaska Rusiya iqtisadiyyatının artıq o illərdə olduğu kimi yüksək artım sürətlərinə nail ola bilməyəcəyini, iqtisadi potensialı artırmağın yeganə yolunun əmək məhsuldarlığının artırılması və iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirib.

Keçən ilin sentyabrında Deripaska RBC-yə verdiyi müsahibədə 2008-2009-cu illər qlobal maliyyə böhranından sonra dövlətin iqtisadiyyatın tənzimlənməsində rolunun gücləndirilməsinin “son dərəcə yanlış seçim” olduğunu bildirib.