Rusiya bu insidenti ciddi araşdırmalı və nəticə çıxarmalıdır - Deputat

10:12 08.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya tərəfindən Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə dron hücumu və bunun ardınca Rusiyanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notasının təqdim edilməsi iki ölkə münasibətlərində yeni müzakirə mövzusu yaradıb.

Milli Məclisin deputatı Azər Badamov hadisənin hüquqi, siyasi və diplomatik aspektlərini Hafta.az-a şərh edib.

Deputat hesab edir ki, Azərbaycanın atdığı addım beynəlxalq hüquqa əsaslanır və ölkənin dövlət maraqlarının müdafiəsi baxımından prinsipial mövqenin ifadəsidir:

"Rusiya tərəfindən Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona kəskin etiraz notası təqdim edilib. Bu, Azərbaycanın öz dövlət maraqlarını və xaricdə yerləşən mülkiyyətini qorumaq baxımından tamamilə əsaslandırılmış və beynəlxalq hüquqa uyğun addımdır.

Qeyd edim ki, Azərbaycanın Ukraynadakı obyektlərinə zərər dəyməsi ilk hal deyil. Belə hadisələrin təkrar xarakter alması onların təsadüfi deyil, müəyyən sistemlilik daşıdığı barədə suallar yaradır. Bununla yanaşı, məsələyə Rusiya-Ukrayna müharibəsinin hazırkı dinamikası fonunda da yanaşmaq lazımdır".

Deputat vurğulayıb ki, son dövrlərdə Ukrayna pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın enerji infrastrukturu və neft emalı müəssisələrinə intensiv zərbələr endirir. Bu hücumlar Rusiyada yanacaq təminatına və logistika imkanlarına müəyyən təsirlər göstərib.

"Rusiya da öz növbəsində Ukraynanın enerji və yanacaq infrastrukturunu, o cümlədən yanacaqdoldurma məntəqələrini hədəfə alır. Yəni müharibə aparan tərəflər qarşı tərəfin strateji və iqtisadi əhəmiyyət daşıyan obyektlərini sıradan çıxarmağa çalışırlar. Lakin müharibənin gedişi heç bir halda Azərbaycana məxsus mülki obyektlərin hədəfə alınmasına bəraət qazandıra bilməz. Azərbaycanın Ukraynadakı enerji obyektləri və digər mülkiyyətinin təhlükəsizliyi təmin edilməlidir. Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin və milli şirkətlərinə məxsus obyektlərin təhlükəsizliyi beynəlxalq hüququn normaları çərçivəsində qorunmalıdır.

Bu baxımdan Azərbaycanın Rusiyaya etiraz notası təqdim etməsi düzgün və prinsipial mövqedir. Hesab edirəm ki, bu nota Rusiya tərəfindən diqqətlə araşdırılacaq və aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınacaq. Ən azı, gələcəkdə Ukraynada Azərbaycana məxsus obyektlərə qarşı həyata keçiriləcək hərbi əməliyyatların planlaşdırılması zamanı daha həssas yanaşmanın nümayiş etdirilməsi və bu cür insidentlərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi ehtimalı arta bilər. Bununla belə, müharibə şəraitində belə hadisələrin tamamilə istisna ediləcəyinə dair qəti təminat vermək də mümkün hesab etmirəm."-deputat qeyd edib.