Avropa Kəşfiyyat mənbələrinə və Rusiyanın müdafiə şirkətlərinin hesabatlarına istinadən “Reuters” agentliyi xəbər verir ki, Rusiya Çində uzun mənzilli hücum üçün pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı üçün gizli proqrama başlayıb.
Hafta.az-ın yazdığına görə, bu PUA-lar Ukraynaya qarşı müharibədə istifadə üçün nəzərdə tutulub.
Proqramın icraçısı “Kupol” İjevsk Elektromexanika Zavodu (IEMZ) Rusiyanın “Almaz-Antey” dövlət şirkətinin törəmə müəssisəsi kimi fəaliyyət göstərir. “Harpy-3” adlı yeni İHA modeli hazırlanıb və Çin mütəxəssisləri ilə birlikdə Çində uçuş sınaqları həyata keçirilib. Daha sonra “Kupol” bu PUA-ların Çindəki fabrikdə kütləvi istehsalına başlamağa hazır olduğunu bildirib.
“Harpy-3” 50 kq faydalı yüklə 2 min kilometr uçuş məsafəsinə malikdir. Kupol, Çindən alınan 7 PUA nümunəsindən ikisinin “Harpy-3” modeli olduğunu və bu PUA-ların əlavə sınaqlar üçün Rusiyanın İjevsk şəhərindəki qərargahına çatdırıldığını bildirib.
Çin rəsmiləri bu cür layihələr haqqında məlumatlarının olmadığını və hərbi məhsulların ixracına ciddi nəzarət edildiyini vurğulayıblar. Bununla belə, Çinin Rusiyaya rəsmən silah vermədiyi məlum olsa da, ikili təyinatlı məhsullar (həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər) tədarük etdiyi məlumdur.
Analitiklər bildirirlər ki, əgər Çin hərbi sistemləri birbaşa tədarük edərsə, bu, mühüm hadisə olardı.
“Kupol”un sənədlərinə əsasən, şirkət yaxın səkkiz ay ərzində Çində 400 kq-a qədər yükgötürmə qabiliyyətinə malik REM 1 hücum PUA-nın istehsalına başlamağa hazır olacaq. Bu İHA-nın Amerika istehsalı olan “Reaper” pilotsuz uçuş aparatı ilə oxşar xüsusiyyətlərə malik olacağı gözlənilir.
İstehsalın harada aparıldığı açıqlanmasa da, fabrikdə ildə 800 pilotsuz uçan aparatın istehsalı planlaşdırılır.
ABŞ dövlət katibi Antoni Blinken Çinə xəbərdarlıq edib ki, Rusiyaya bu cür ikili təyinatlı malların tədarükünü dayandırsın. Bu inkişaf Rusiyanın Ukraynaya qarşı hərbi potensialını artırmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir və beynəlxalq aləmdə ciddi əks-səda doğurduğu görünür.