Rusiya əsirlikdə dünyasını dəyişmiş Ukrayna jurnalistinin cəsədini hələ də qaytarmayıb

18:35 05.11.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya hələ də əsirlikdə dünyasını dəyişmiş ukraynalı jurnalist Viktoriya Roşinanın cəsədini yaxınlarına təhvil verməyib.

Hafta.az xəbər verir ki, “Ukrinform”-un yazdığına görə, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Yurçişin brifinq zamanı bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası jurnalistin atasına onun ölümünün əlavə rəsmi təsdiqini belə təqdim etməyib.

“Rusiya Federasiyası Viktoriyanın cəsədinin Ukraynaya təhvil verilməsini gecikdirir və biz dəfn mərasimi keçirə və ya konkret məlumat ala bilmirik”, -  deputat belə deyib.

Xatırladılır ki, 27 yaşlı jurnalist Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi, xüsusən də Mariupolun mühasirəsi barədə reportajlar yazıb. Keçən ilin yayında o, Ukraynanın şərqindəki işğal olunmuş əraziyə gedib və bundan sonra onunla əlaqə kəsilib.

Artıq bu ilin aprelində Roşinanın atası Rusiya hökumətindən onun həbsdə saxlanması barədə məktub alıb.

Oktyabrın 10-da Ukrayna Əsirlərlə Münasibət Məsələləri üzrə Koordinasiya Qərargahı jurnalistin ölümü barədə məlumat yayıb. Qərargahın məlumatına görə, bu, qızın Taqanroqdan Moskvaya köçürülməsi zamanı baş verib.

Bundan əvvəl Ukrayna kəşfiyyatı Roşinanın əsirlikdən qayıtması üzərində işlədiklərini və bununla bağlı “ilkin razılaşmaların” olduğunu bildirib.