Dəmir yolları ilə yanaşı Rusiyanın ən böyük işəgötürənlərindən biri olan “Poçta Rossii” dövlət poçt şirkəti sanksiyalardan sonra çətin günlər yaşayır.
Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, sanksiyalardan sonra beynəlxalq kommersiya yük daşımaları bazarını itirən və 32 milyard rubldan çox zərər görən “Poçta Rossii”, yeni maaş şərtlərinə etiraz edən bir çox işçisini ixtisar etməyə başlayıb.
Bildirilib ki, şirkətdə yeni qaydalara uyğun olaraq əməkhaqqı bölgüsü dəyişdirilib, boş qalan vəzifələrdəki boşluqların doldurulması üçün zəhmətkeş kadrlara ikiqat əməkhaqqı verilməsi kimi praktikalara artıq son qoyulub. Belə ki, iş yükü artarsa, indi “Poçta Rossii” əməkdaşları maksimum 25 faiz əlavə ödəniş ala bilərlər. Məsələn, beynəlxalq yük-kuryer həcmi yüksək olduğuna görə, üç işçinin iş yükündən asılı olaraq beş əməkhaqqı paylaşa biləcəyi bildirilir.
“Poçta Rossii”, Dövlət Dəmir Yollarından sonra Rusiyada ən çox məşğulluğu təmin edən ikinci işəgötürəndir. Şirkətin işçilərinin sayı təxminən 311 min nəfərdir.
“Poçta Rossii”nin xalis zərəri 2022-ci ildə 27,22 milyard rubl, bu ilin birinci rübündə isə 5,07 milyard rubl olub.