Ukraynanın birinci xanımı Yelena Zelenska müharibə zamanı Rusiya tərəfindən qaçırıldığını iddia etdiyi uşaqların ölkəyə geri göndərilməsini tələb edib.
Hafta.az-ın yazdığına görə, BMT Baş Assambleyasının iclasında çıxış edən Zelenska Rusiyanın ötən il fevralın 24-də başlayan müharibədə indiyədək ən azı 19 min uşağı qaçırdığını iddia edib.
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı uşaqların öz ölkələrinə göndərilməsini tələb edib və deyib: “Bu uşaqlara dedilər ki, ailələrinin,ölkələrinin və ümumiyyətlə, heç kimin onlara ehtiyac yoxdur. Qaçırılan uşaqlara bildirilib ki, onlar artıq ukraynalı yox, rusdurlar”.
Ukraynadakı rəsmi rəqəmlərə görə, bu uşaqlardan yalnız 386-sı ölkəyə qayıdıb.
Zelenska həyat yoldaşının qarşısında çıxışında Kremli "soyqırım"da ittihamlayaraq, "Rusiyada bu uşaqlara Ukraynaya nifrət aşılanır və onların ailələri ilə bütün əlaqələri kəsilir. Bu, açıq şəkildə soyqırımdır" deyib.
Bu arada, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) mart ayında Rusiya prezidenti Vladimir Putin və ölkənin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın ukraynalı uşaqları qaçıraraq hərbi cinayətlər törətdiklərini əsas gətirərək həbs qərarı çıxarıb.
Digər tərəfdən, ukraynalı uşaqların ölkədən zorla çıxarılmasında Belarusun da rolu olduğu iddia edilir. Belarusun rəsmi xəbər agentliyi olan “Belta” dünən daha 50 ukraynalı uşağın "xeyriyyə təşkilatlarının humanitar yardım layihələri çərçivəsində" ölkəyə gətirildiyini bildirib.
İyunda BCM-ə göndərdikləri şikayətdə ölkədəki dissidentlər müharibə başlayandan bəri Belarus prezidenti Aleksandr Lukaşenkonun əmri ilə azı 2100 uşağın zorla ölkəyə gətirildiyini iddia etmişdilər.
Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşka ABŞ-da yerləşən AP xəbər agentliyinə deyib: "Ukraynalı uşaqların Belarusa qeyri-qanuni yolla göndərildiyinə dair getdikcə daha çox dəlil görürük. Beynəlxalq təşkilatlar reaksiya verənə və Minsk administrasiyasını dayandırana qədər bu vəziyyət davam edəcək". Latuşka iddia edib ki, BCM Putin üçün olduğu kimi Lukaşenkoya da həbs orderi verməlidir.