“Regionda cərəyan edən geosiyasi proseslər fonunda yaxın vaxtlarda bir çox məsələlərin həllinə nail olacağıq”.
Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli son vaxtlar Rusiya sülhməramlılarının məsuliyyət zanasında baş verən qeyri-qanuni səfərlər, Azərbaycan ərazilərində mədənlərin ermənilər tərəfindən qanunsuz istismarı, Azərbaycan adlarının erməni dilində səslənməsi, atəşkəsin pozulması və sair məsələlər fonunda yaranan gərginlik və sülhməramlıların hərəkətlərində etdiyi dəyişikliklərlə bağlı açıqlamasında bildirib.
M.Məmmədli son günlər Azərbaycan-Rusiya arasında müəyyən gərginliyin müşahidə olunduğunu və məsuliyyətin birbaşa sülhməramlıların üzərində olduğunu bildirib.
“Demək olar ki, Azərbaycan Müdafiə Nazirliyi hər gün Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağda yerləşən yer adlarının erməni dilində göstərilməsinə etiraz edirdi. Nəhayət, Rusiya həmin saytda Azərbaycan toponimlərinin yazılışında dəyişiklik etdi. Bu yaxınlarda isə Rusiya sülhməramlılarının komandanı Volkov bildirdi ki, Laçın yolunda Ermənistanla sərhəddə kiçik postlar qurulacaq. Görünür ki, Rusiya sülhməramlıları məsələnin nə qədər ciddi olduğunu dərk edərək, öz hərəkətlərində müəyyən düzəlişlər edib. Qarabağda baş verənlərə görə məhz Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Biz gözləyirik ki, Rusiya sülhməramlıları nəhayət öz işləri ilə məşğul olsunlar”.
M.Məmmədli cərəyan edən bu və ya digər siyasi proseslər fonunda hesab edir ki, geosiyasi proseslər ölkəmizin yaxın vaxtda daha da güclənəcəyini ifadə edir və biz bir çox məsələlərin həllinə nail ola biləcəyik.