“Ukrayna Təhlükəsizlik Xidməti Rusiya hərbçilərinin telefon danışıqlarının dinlənilməsindən növbəti epizodu təqdim edib. Belə çıxır ki, rus analar Rusiya Federasiyasındakı hərbi komissarlıqlara “hücum çəkməyə” başlayıblar”.
Hafta.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Qeyd olunur ki, analar oğullarını Ukrayna müharibəsindən qurtarmaq istəyir və bunun üçün pullarını da əsirgəmirlər.
Belə ki, Rusiya Federasiyasının 36-cı əlahiddə motoatıcı briqadasının əsgərlərindən birinin anası telefon danışığında oğluna komandanlıqla onun dislokasiya yerinə qaytarılması ilə bağlı razılığa gəldiyini deyib.
Ana həmçinin oğluna tövsiyə edib ki, tezliklə çıxarılacaqlarına ümid etməsin:
“Sizi çıxarmayacaqlar, indi yenidən geri - oraya girəcəksiniz. Bu, hələ dayanmayacaq; texnika çıxarılır, adamları ora aparırlar. Ölənləri qalanlarla əvəz edirlər…”
Göz yaşlarına boğulan ana bir çox rəfiqələrinin Ukraynaya qarşı müharibədə ərlərini itirdiyini də əlavə edib.
Dinlənilmiş söhbətin iştirakçısının xidmət etdiyi briqada Rusiyanın Baykalyanı diyarının Borzya şəhərində yerləşir. Həmin hərbi hissə hələ 2015-ci ildə özünü "Donetsk separatçıları" kimi təqdim edərək Ukraynaya qarşı vuruşması ilə "fərqlənib".