“Rusiyada mikromaliyyə təşkilatlarına borclu təxminən 50 min immiqrant 2023-cü ilin dekabrına qədər qeyri-qanuni statusda olacaq. 2024-cü ildə ölkədə qeyri-qanuni əcnəbi vətəndaşların sayı 100 minə çatacaq”.
Hafta.az-ın yazdığına görə, bu təxmini Moskvadakı Özbəkistan diasporunun rəhbəri Bəhram İsmayılov səsləndirib. Rusiyada immiqrasiya qanunlarına uyğun olaraq qanuni qalma müddətini başa vuran əcnəbilərin ölkəni tərk etmələrinin lazım olduğunu bildirən İsmayılov, bir çox insanın məhz borclarına görə vətənlərinə qayıda bilməyəcəyinə diqqət çəkib.
Mart-iyul ayları arasında mikromaliyyə təşkilatlarının Rusiya məhkəmələrində təxminən 300 min iddia qaldırdığını bildirən İsmayılov, toplanan borcun orta hesabla 70-80 min rubl olduğunu bildirib.
Özbək diasporunun nümayəndəsi məlumat verib ki, mikrokredit təşkilatları tərəfindən qaldırılan işlərdə tələb olunan ümumi məbləğ 21-24 milyard rubl təşkil edir.
İsmayılov özbək diasporuna mühacirlərin borclarına görə ölkəni tərk edə bilməməsi ilə bağlı yüzlərlə şikayətin daxil olduğunu, MDB ölkələrinə hər təyyarə reysində iki-beş nəfərin Rusiyadan çıxmasına icazə verilmədiyini bildirib.
Mikromaliyyə təşkilatları immiqrantlara illik 120 faizə qədər faizlə 10 min ilə 100 min rubl arasında kredit verir.