Rusiya Dövlət Duması ilk iclasda turistlərə yerləşdirmə xidmətləri göstərən qeyri-otel obyektlərinin məcburi təsnifatını özündə əks etdirən qanun layihəsini təsdiqləyib.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, yeni tənzimləmə ilə xizək enişləri və çimərliklər də daxil olmaqla geniş çeşidli turizm obyektləri təsnifata daxil ediləcək. Bununla belə, uşaq düşərgələri, dini qurumlara məxsus obyektlər və təsərrüfat turizmi ilə məşğul olan müəssisələr tənzimləmədən çıxarılacaq. Qanun layihəsi qüvvəyə minərsə, obyektlər 2025-ci ilə qədər təsnifləşdirilməlidir.
Yeni təsnifat sisteminə turistlərin yerləşdirilməsi obyektlərinin ulduz reytinqi prosesində iki mərhələli prosedur daxil ediləcək. Birinci mərhələdə obyekt sahibləri öz obyektlərini müəyyən edilmiş standartlara uyğun qiymətləndirəcək və milli turizm reyestrində qeydiyyatdan keçəcəklər. İkinci mərhələdə səlahiyyətli ekspertlər tərəfindən obyektlərə ulduz qiymətləri veriləcək və bu nəticələr sistemdə qeyd olunacaq.
Mövcud sistemdə yalnız otellər üçün məcburi olan təsnifat yeni tənzimləmə ilə daha əhatəli olacaq. Belə ki, turistlərin yerləşdirilməsini təmin edən digər obyektlərin də dövlət nəzarətinə verilməsi və vergitutma baxımından şəffaflığın artırılması hədəflənib.
Qanun qəbul olunarsa, təsnifata uyğun gəlməyən obyektlərin xidmət göstərməsinə qadağa qoyula bilər. Bundan əlavə, onlayn bron saytları və digər platformalar bu obyektlərin düzgünlüyünü yoxlamalı olacaqlar.