Rusiyada pantürkizm qorxusunun artmasının səbəbi nədir? - Etbar Məmmədov danışır

16:23 26.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər Moskva siyasi dairələrində “pantürkizm qorxusu” özünü açıq-açığına büruzə verir. Xəbər verildiyi kimi, Dövlət Dumasının deputatı Andrey Qulovoyun paylaşdığı və “Rutube” platformasında yayımlanan “Pantürkizm” adlı film rus imperiya təbliğatının növbəti nümunəsidir. Filmdə iddia edilir ki, guya türk birliyi artıq Rusiyaya qarşı hərbi müstəviyə keçib və Ankara NATO ilə əməkdaşlıq edir. Amma fakt budur ki, bu təlimlər müstəqil türk dövlətlərinin qarşılıqlı əməkdaşlığının təzahürüdür. Filmdə Türk hərbi texnologiyalarının “təhlükəli asılılıq” kimi təqdim edilməsi, əslində, bölgədəki balansı təmin edir və müstəqil dövlətlərin müdafiə imkanlarını gücləndirir.

Müəllifin tarixi paralelləri isə yanlış yanaşmalardır, çünki türk dövlətlərinin əməkdaşlığı kənar güclərin manipulyasiyasından deyil, xalqların ortaq irsinə və milli kimliklərinə əsaslanır. Rusiyanın narahatlığı, əslində, özünün postsovet məkanında təsirini itirməsinin etirafıdır. Türk dövlətlərinin birliyi isə hər sahədə möhkəmlənərək reallığa çevrilir, bu birlik heç bir anti-rus təmayül daşımır.

Mövzu ilə bağlı hafta.az-a açıqlamasında Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov aşağıdakı fikirləri ifadə edib:

"Pantürkizm qorxusu Rusiyada həmişə olub. Ümumiyyətlə, türk qorxusu ruslarda daim mövcuddur. Və müəyyən dövrlərdə bu qorxu imperiya siyasətinin tərkib hissəsi olaraq daha da aktuallaşdırılıb. Bu, əsasən onların siyasətinə inteqrasiya olunmuş bir məsələdir. Kreml həm öz ictimaiyyətlərini qorxutmaq, həm də daxili və xarici siyasətlərində müxtəlif manipulyasiyalar apararaq özlərinin həm şovinist, avtoritar, həm də işğalçı davranışlarına haqq qazandırmaq məqsədilə bu cür qorxu elementlərini önə çəkir."

Etibar Məmmədovun sözlərinə görə, hazırda Rusiyada pantürkizm qorxusunun yenə də aktuallığının artmasının səbəbi son dövrlərdə Türk dövlətləri arasında möhkəm əlaqələrin qurulmasıdır.

"Hazırda Türk dövlətləri arasında çox yaxşı əlaqələr qurulub və bu əlaqələri həm iqtisadi, həm də siyasi cəhətdən daha da gücləndirir və təkmilləşdirirlər. Və təbii ki, bu əlaqələrin inkişafı, xüsusilə Rusiyanın maraqlarına zidd olduğundan bunu özləri üçün təhlükə hesab edirlər. Çünki Kreml xüsusən Türk dövlətlərinin cəmləşdiyi Orta Asiyanı öz nüfuz dairəsi sayır. Və həmin dövlətlərinin müstəqil siyasət aparması Rusiyanın strateji maraqlarına təhlükə yaratdığı üçün onlar bunu ciddi risk olaraq görürlər."

Bu səbəbdən siyasətçi Moskvanın “pantürkizm”i şüar edərək bu cür həyəcanlanmasını təəccüblü hesab etmir.

Sultan Laçın