Rusiya hökuməti üç növ polietilen tereftalat (PET) qablaşdırmasını qadağan etmək qərarına gəlib.
Hafta.az-ın “Novıe İzvestiya”ya istinadən yazdığına görə, məhdudiyyətlər 2025-ci ilin sentyabrından qüvvəyə minəcək. Yeni nizamnaməyə görə qida sənayesində mavi, ağ, yaşıl, qəhvəyi və rəngsiz PET şüşələrdən başqa butulkaların istehsalı və istifadəsi qadağan ediləcək.
Qərarın məqsədi təkrar emal edilə bilinməyən PET qablaşdırmanın istifadəsini azaltmaq və daha ekoloji cəhətdən təmiz məhsullara keçidi təşviq etməkdir. Eyni zamanda, bu, tullantı poliqonlarına təzyiqi azaltmaq və ətraf mühitə təsirləri minimuma endirmək məqsədi daşıyır. PET qablaşdırma xüsusilə su, qazlı içkilər və meyvə şirələri kimi qida məhsulları üçün geniş istifadə olunur.
Rusiya dünyanın bir çox ölkəsinin atdığı addımları izləyir. Avropa İttifaqı, Hindistan, ABŞ və Çin kimi ölkələr də birdəfəlik plastik qablaşdırmanın istifadəsini məhdudlaşdıran və ya qadağan edən müxtəlif qanunlar qəbul ediblər. Rusiyada bu yeni qadağa xüsusilə təkrar emal olunmayan PET qablaşdırma istehsalını hədəfləyir.