Rusiyada Facebook-u geridə qoyan texnologiya nəhəngi VK (VKontakte) WhatsApp-ın qadağan olunacağı təqdirdə onu əvəz edəcək "milli mesajlaşma proqramı" hazırlamağa diqqət yetirib.
Hafta.az-ın yazdığına görə, mediada əksini tapan xəbərlərdə deyilir ki, VK-nın bu layihəni həyata keçirmək qərarı YouTube-da son zamanlar yaşanan kəsilmələrdən sonra gündəmə gəlib.
VK mənbələri WhatsApp-ı əvəz edəcək tətbiqin hazırkı VK Messenger əvəzinə "TamTam" adlı mesajlaşma platformasında qurulacağını bildiriblər. 2018-ci ildə istifadəyə verilən TamTam tətbiqi az bilinir və istifadə olunur. TamTam Rusiyada yerləşən sosial media və internet xidmətləri şirkəti Mail.ru Group tərəfindən hazırlanmış proqramdır. Bu proqram istifadəçilərinə mesajlaşma, qrup söhbətləri yaratmaq, səsli və video zənglər etmək kimi funksiyaları təklif edir. Bundan əlavə, TamTam vasitəsilə kanallar yaratmaq, məzmun paylaşmaq və xəbərləri izləmək kimi xüsusiyyətlər var.
Məlumatlara görə, VK-nın yüksək vəzifəli şəxsləri əvvəlcə VK Messenger-i "milli mesajlaşma proqramı" kimi dizayn etməyi düşünürdülər, lakin bu proqramın performansının yetərli olmadığını görüblər və onu "TamTam" tətbiqi əsasında qurmaq qərarına gəliblər.
"TamTam" hazırda mesajlaşma və səsli mesaj göndərmə funksiyalarını, həmçinin Telegram kimi kanalların idarə edilməsi kimi funksiyaları təklif edir. Tətbiqin hazırlanması və tam hazır olması üçün ən azı bir il daha lazım olacağı bildirilir.
VK-nın bu addımı Rusiyada WhatsApp-a mümkün qadağa ehtimalını artırsa da, Duma və Kreml administrasiyasına yaxın mənbələr belə bir planın olmadığını iddia edirlər. Buna baxmayaraq, VK-nın yerli mesajlaşma proqramı hazırlamaq üçün səylərini sürətləndirməsi bu mövzuda müxtəlif strategiyaların gündəmdə olduğunu göstərir.
Bu yeni tətbiqin mövcud mesajlaşma platformaları ilə necə rəqabət aparacağı və istifadəçilər tərəfindən necə qarşılanacağı maraqla gözlənilir.