Rusiyada xanım redaktor 6,5 il müddətinə azadlıqdan məhrum edildi  

18:38 23.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikanın “Azadlıq” radiosunun redaktoru, ABŞ vətəndaşı Alsu Kurmaşeva Rusiya ordusu haqqında saxta xəbərlər işi üzrə real cəza alıb – Tatarıstanın Ali Məhkəməsi onu 6,5 il müddətinə azadlıqdan məhrum edib.

Hafta.az xəbər verir ki, bu haqda “TASS” məlumat yayıb.

Kurmaşevanın işinə məhkəmə bağlı qapılar arxasında baxıb. Hakimin qərarına əsasən, o, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

1990-cı illərin ortalarında jurnalist Praqaya köçüb və burada “Azadlıq” radiosunun tatar-başqırd xidmətinin redaktoru vəzifəsində çalışıb. Qeyd edək ki, "Azadlıq" radiosu Rusiyada xarici agent və Rusiya Federasiyasında arzuolunmaz təşkilat kimi tanınıb.

Qadın müntəzəm olaraq Kazanı ziyarət edib. 2023-cü ilin oktyabrında bu səfərlərdən birində o, saxlanılıb. Kurmaşevaya qarşı ittiham 2022-ci ilin noyabrında nəşr olunan və Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını tənqid edən kitaba əsaslanıb.

İstintaqın məlumatına görə, kitabın redaktoru “Azadlıq” radiosunun redaktoru olub.