Rusiyalı deputat bu ölkəni hədələdi - SİZİ MƏHV EDƏCƏYİK

18:30 08.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı deputat Finlandiyanın mayın ilk həftəsində NATO-ya üzvlük üçün müraciət edəcəyi ilə bağlı iddialara sərt danışaraq, “Finlandiya bu addımı ilə ölkələrinin məhvini təmin edəcək” deyib.

Hafta.az bildirir ki, Rusiyanın hücumu indiyədək hərbi mövzularda susqunluq nümayiş etdirən Finlandiya və İsveçi NATO ilə münasibətlərini dərinləşdirməyə sövq edib. Təxminən 30 min əsgər, yüzlərlə təyyarə və gəminin iştirakı ilə Norveçdə keçirilən NATO təliminə qatılan iki ölkə indi alyansa daxil olub-olmamaq barədə müzakirələr aparır.

NATO-nun baş katibi Yens Stoltenberqin Finlandiya və İsveçin alyansa qoşulmaq istəsələr, bu istəyin tez bir zamanda reallaşacağını bəyan etməsindən sonra, gözlər şimal ölkələrinə çevrildiyi halda Rusiyanın bu vəziyyətə reaksiyası gecikməyib.

Rusiyalı deputat Vladimir Cabarov Finlandiyanın NATO-ya daxil olmasının “dəhşətli faciə” olacağını bildirərək təhdidlər edib.

Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Rusiyanın "qanuni hədəfi" olacağını bildirən deputat, "Finlandiya bu addımı ilə ölkələrinin məhvini təmin edəcək" deyib.

Finlandiyanın Rusiya ilə sıx ticarət və iqtisadi əlaqələri sayəsində uzun illər inkişaf etdiyini iddia edən deputat Cabarov, bildirib ki, bu qərar bütün Finlandiya xalqı üçün böyük faciə olardı.

Aİ ölkələri arasında Rusiya ilə ən uzun sərhədə (1340 kilometr) malik olan Finlandiya Soyuq Müharibə bitdikdən sonra hərbi baxımdan neytral qalıb. Lakin Rusiyanın müharibə qərarı ölkənin neytrallığını pozdu və Finlandiya NATO-ya dəstəyini artırdı.

Ölkənin baş naziri Sanna Marin bu həftənin əvvəlində bildirib ki, Ukraynaya hücumdan sonra Rusiya ilə münasibətlər dönməz şəkildə dəyişib və etimadı bərpa etmək üçün çox vaxt və iş lazımdır.
Finlandiya xarici işlər naziri Pekka Haavisto NATO qərarının önümüzdəki həftələrdə dəqiqləşdiriləcəyini bildirərkən, ölkənin ən böyük qəzeti olan “İltalehti” mayın ilk həftəsində NATO-ya müraciət ediləcəyini iddia edib.