Rusiyalı iqtisadçı Türkiyə prezidentini təhqir edib

09:14 17.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın əvvəlində BRİCS qrupuna üzvlük üçün rəsmi müraciət edən Türkiyənin qlobal təsir imkanlarını genişləndirmək və Qərb müttəfiqləri xaricində yeni strateji əlaqələr qurmaq məqsədi daşıdığı kimi şərh edilən bu addım oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində müzakirə olunacaq.

Hafta.az-ın yazdığına görə, Türkiyənin BRİCS-ə üzv olmaq üçün müraciət etdiyini açıqlayandan az sonra, Rusiya Elmlər Akademiyasının üzvü, əvvəllər Putin administrasiyasında çalışmış məşhur iqtisadçı Sergey Qlazyev “Türkiyənin BRİCS-də yeri yoxdur” başlıqlı məqalə yazıb.

Dünya iqtisadiyyatının sürətlə Cənub-Şərqi Asiyaya doğru irəlilədiyi bu dövrdə Rusiyanın Asiyada “müttəfiqlər” axtardığını bildirən Qlazyev iddia edir ki, Türkiyə və onunla sadiq müttəfiq olan Azərbaycan guya Rusiyaya qarşıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir” bəyanatından narahat olan rusiyalı iqtisadçı Türkiyə prezidentini “yalançı Osmanlı tülküsü” adlandıraraq təhqir edib.

Qryazev Ərdoğanın bəyanatının qəbuledilməz olduğunu iddia edərək, Türkiyənin Krımla bağlı mövqeyini dəyişmədiyi təqdirdə BRİKS-ə qəbul edilməməsi lazım olduğunu bildirib.

Qeyd edək ki, Krımı Rusiyanın işğalından xilas etmək üçün beynəlxalq səyləri birləşdirmək məqsədilə başlanan Krım Platformasının 4-cü Liderlər Zirvəsi 2024-cü il sentyabrın 11-də Ukraynanın paytaxtı Kiyevdə baş tutub.

Sammitə videomüraciətlə qatılan prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini bir daha vurğulayaraq, Krımın Ukraynaya qaytarılmasının vacibliyini bildirib. Ərdoğan sammitdə “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz daimidir. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir. Krımın yerli xalqlarından biri olan Krım tatar türklərimizin təhlükəsizliyinin və rifahının təmin edilməsi xarici siyasətimizin prioritetləri sırasındadır” deyib.