“NATO-nun növbəti sammitinin Vilnüsdə - Baltikyanı regionda Rusiya ilə sərhəd ərazidə, -həm də bu ölkənin II Cahan savaşında işğal etdiyi bir məkanda,- keçirilməsi çox əlamətdar və rəmzidir. Bu eyni zamanda ABŞ və NATO ölkələrinin Rusiyaya əzələ nümayişidir. Vilnüs sammitinin mahiyyətini belə oxumaq lazımdır: 2030-cu ilə doğru Avroatlantik hərbi məkanının vahid komandanlıq altında birləşdirilməsi başa çatmalıdır”.
Bunu hafta.az-a açıqlamasında NATO-nun Vilnüs sammitinin yekunlarından danışan politoloq Əziz Əlibəyli söyləyib.
“2030-cu ildə həm də hərbi müstəvidə Çinlə münasibətlərin aydınlaşdırılması da gözlənilir. Və bu yolda Rusiya-Ukrayna müharibəsi önəmli keçidlərdən biridir. Və sammitin qeyri-rəsmi hissəsinin fotolarını izlədikdə də oradakı atmosfer aydınlaşır. Zelenski ilə digərlərini müqayisə etdikdə məlum olur ki, hər kəs sərbəst söhbətlərlə, bir növ əylənməklə məşğuldur, o isə tənha görünür. Ukrayna liderinin üzünün siması heç də xoş təəssürat yaratmır” -deyə davamında politoloq bildirib.
“Vilnüs sammitinin həmin görüntüləri fonunda da dü düşünürəm ki, Rusiya-Ukrayna savaşı Çinlə bağlı cəbhənin müəyyənləşməsi məqsədi ilə davam etdirilir. Və bu müharibə nəticəsində NATO Rusiyanı məğlub etməyəcək. Bu, Vilnüs sammitində qərar və yanaşmalardan da görünür. Bu mənada hesab edirəm ki, hazırda Rusiyanın məğlub olması ABŞ-ın, NATO-nun işinə yaramır. Rusiyanın məğlub olması ən çox Çinin işinə yarayar, Çinin potensial gücünü artırar. Çünki Çinin Rusiya böyük sərhəd zonaları mövcuddur. Qərb də düşünür ki, Rusiyanı məğlub edəcəyimiz halda Çinin qarşısını kim alacaq. Odur ki, aşağı-yuxarı bu savaş nəticəsində Rusiya-Ukrayna razılaşması olacaq. Bəlkə də heç 20 gün deyil, Ukrayna ordusu tərəfindən işğal altındakı təxminən 27 min kvadrat kilometrlik ərazi azad olunub. Lakin Ukraynanın təxminən 45 minlik peşəkar ordusu əməliyyatlara qoşulmayıb. Yəni bu cür həlledici faktorlar var. Amma hiss olunur ki, nədənsə həmin həlledici faktorlar oyuna qatılmır. Və nəticə etibarilə proseslər bu savaşın qalibi və məğlubunun müəyyənləşdirilməsinə yox, Qərb-Rusiya anlaşmasına aparır. NATO-nun son sammiti üzərindən baxdıqda da görürük ki, burada şifrələr, vurğular şərti olaraq 2030 planına yönəlib. Və bilavasitə Türkiyə lideri Ərdoğanın gözlənilməz, şahmat dili ilə desək, qambit gedişi təxminən buna hesablanmış addımdır ki, hazırda NATO üzvü olaraq Türkiyəyə ehtiyac duyulur. Və zənnimcə, bu, əsla Rusiya faktoruyla bağlı deyil, yenə də gəlib Çin məsələsinə söykənir”,-deyə siyasi şərhçi vurğulayıb.