Rusiyanın qızıl ehtiyatları iyulda 179,6 milyard dollara çataraq yeni rekord qırıb. Beləliklə, qızılın beynəlxalq aktivlərdə payı 2000-ci ilin əvvəlindən ən yüksək həddə çatıb.
Hafta.az-ın yazdığına görə, Mərkəzi Bankın açıqladığı məlumatlara görə, Rusiyanın beynəlxalq ehtiyatları iyulun 1-dəki 593,5 milyard dollardan avqustun 1-də 602,05 milyard dollara yüksəlib. Bu, 2022-ci ilin martından bəri ən yüksək ehtiyat həcmi olub. Rusiyanın ehtiyat hesabına Qərbdə sanksiyalar səbəbindən dondurulmuş 300 milyard dollardan çox aktivlər daxildir.
Rusiyanın qızıl sərmayələri iyulda 2,9 faiz artaraq 179,6 milyard dollara çatıb və apreldə 175,9 milyard dollarla rekord qırıb.
Qızılın ehtiyatlardakı payı əvvəlki aydakı 29,4 faizdən 29,8 faizə yüksələrək 2000-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. 2000-ci ildə bu göstərici 31,2 faiz təşkil edirdi.
Ehtiyatlarda qızılın ən yüksək payı 1993-cü il yanvarın 1-də 56,9 faiz, ən aşağı pay isə 2007-ci ilin iyununda 2,1 faizlə qeydə alınıb.