Rusiya–Ukrayna müharibəsinin DÖRD İLİ

12:19 19.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukrayna ərazilərində başlatdığı qanlı müharibədən 4 il ötür. Məhz 2022-ci il fevralın 22-də Rusiya qoşunları Ukrayna ərazisinə genişmiqiyaslı hərbi hücumlara başlayıb. Həm Rusiya, həm də Belarus ərazisindən, eləcə də Qara dənizdən başlayan hücumlar elə sürətli və amansız idi ki, ruslar qısa vaxtda paytaxt Kiyevin yaxınlarınadək gəlib çıxdılar. Amma bu, Ukraynanı şoka sala, dövləti ağ bayraq qaldırmağa məcbur edə bilmədi. Əksinə, ukraynalılar torpaqlarının müdafiəsinə qalxaraq, Moskvanın “üç həftəyə Kiyevə girmək” arzusunu ürəyində boğdu.

Əlbəttə, sülhsevər ölkələr də Ukraynaya açıq dəstək verməyə başladılar, amma vaxtında yox. Rusiya böyük əraziləri ələ keçirdikdən və artan iştahı daha yeni ərazilər tutmaq istədiyi vaxtda. Bu da Rusiyanın daha çox əraziləri tutaraq möhkəmlənməsinə şərait yaratdı.

Başlanğıc

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı və Donbasın bir hissəsini Ukraynadan ilhaq etdikdə də bu, sivil dünyanın liderləri üçün nəzərəçarpacaq problemə çevrilmədi. Şərqi Avropanın bir yerində lokal münaqişə, Avropa və dünyanın iqtisadiyyatına və ya təhlükəsizliyinə, demək olar ki, heç bir təsir göstərmədi. Hər halda, bütün Avropa və Amerika siyasətçiləri o zaman belə düşünürdülər. Onlar bir az kömək etdilər, azca narahatlıqlarını bildirdilər, özlərini qəzəbli göstərdilər, vəssalam. Putin də bu vəziyyəti öz xeyrinə yozaraq, “Dünya məndən qorxur”, – deyib daha böyük ərazilər və hətta bütün Ukraynanı işğal və ilhaq etmək fikrinə düşdü.

Maraqlısı budur ki, iki həftəyə Ukraynanı işğal edəcəyini düşünən və bununla bütün dünyanı qorxutmağa çalışan “məğlubolunmaz” mifinə bürünmüş Rusiya niyə planını dörd il ərzində həyata keçirə bilməyib? Ruslar dörd il ərzində, 2008-ci ildə ilhaq edilmiş Krım yarımadasını, eləcə də Donbas və Luqanskdakı əraziləri nəzərə almasaq, cəmi bir neçə faiz torpaq işğal edə bilib.

Onu da qeyd edək ki, 2008-ci ildə Krım yarımadası, Donbas və Luqanskın bəzi bölgələrinin ruslar tərəfindən işğalı, sadəcə, Kiyevdə oturan xainlərin köməyi sayəsində mümkün olub. Ukraynalılar Mariupoldakı dirənişi ilə necə qəhrəman və qorxmaz xalq olduğunu isbatlayıb. Xainlər olmasaydı, Rusiya nə Krımı, nə də digər əraziləri işğal edə bilərdi...

2026-cı ilin fevral ayının əvvəlinə olan məlumata görə, Rusiya qoşunları Ukrayna ərazisinin, təxminən, 19.3 faizinə nəzarət edir. Bu da “DeepState”nin məlumatına görə, ümumilikdə, 116 300 kvadratkilometr torpaq deməkdir.

İtkilər

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) “Rusiyanın Ukraynadakı şiddətli müharibəsi” adlı yeni hesabatında Rusiyanın Ukraynadakı hərbi əməliyyatının dördüncü ilini araşdırır. Hesabatda Moskvanın böyük insan və hərbi itkilərinə baxmayaraq, ərazi qazancının son dərəcə məhdud olduğu vurğulanır və müharibənin Rusiya üçün “strateji uğursuzluq” olduğu iddia edilir. Orada qeyd olunur ki, Rusiya ordusunun piyada dalğaları vasitəsilə apardığı məhv müharibəsi müasir tarixdə görünməmiş bir itkiyə səbəb olub. Hesabatdakı məlumatlara görə, 2022-ci ilin fevralı ilə 2026-cı ilin fevral ayı arasında qalan 4 il ərzində Rusiyanın ümumi hərbi itkiləri, – bura ölülər, yaralılar və itkin düşmüşlər daxildir, – təxminən, 1,2 milyon nəfərə çatıb. Onlardan, sadəcə, ölənlərin sayı 325 min civarındadır. CSIS bu rəqəmləri İkinci Dünya müharibəsindən bəri hər hansı böyük gücün tək bir münaqişədə məruz qaldığı ən yüksək itkilər kimi təsvir edir. 2025-ci ilə qədər Rusiyanın orta aylıq itkilərinin, təxminən, 35 min olduğu təxmin edilir,

Ukrayna tərəfində isə ümumi itkilərin 500 minlə 600 min arasında, ölümlərin isə 100 minlə 140 min arasında olacağı proqnozlaşdırılır.

Hər iki tərəfin ümumi hərbi itkilərinin 2026-cı ilin yazına qədər 2 milyonu keçəcəyi gözlənilir. 2022-ci ildə tammiqyaslı işğalından bəri Rusiya, təxminən, 75 min kvadrat-kilometr ərazini ələ keçirib ki, bu da Ukraynanın ümumi torpaq sahəsinin, haradasa, 12 faizini təşkil edir. Krım və 2014-cü ildən bəri işğal edilmiş digər ərazilər də daxil olmaqla, Rusiya hazırda Ukrayna ərazisinin 20 faizdən azına nəzarət edir. Hesabatda qeyd olunur ki, Rusiya ordusunun cəbhədə irəliləyiş sürəti xeyli yavaşıyıb. Hətta 2024-cü ilin əvvəlindən bəri ümumi qazanc 1,5 faizdən az olub, bəzi cəbhələrdə gündəlik irəliləyişlər 15 metrdən 70 metrə qədər dəyişir ki, bu da Birinci Dünya müharibəsi dövründə Somma döyüşündən daha yavaşdır.

Hesabatda Rusiyanın ağır itkiləri bir neçə əsas səbəblə əlaqələndirilir:

– müasir silahların və birgə əməliyyat imkanlarının olmaması ordunu həssas edir;

– zəif taktiki planlaşdırma, qeyri-kafi təlim və ordu daxilində korrupsiya əməliyyat uğuruna mane olur;

– əhval-ruhiyyənin aşağı olması, Ukraynanın səngərlər, minalar və dronlarla dəstəklənən dərin müdafiə strategiyası Rusiyanın irəliləməsini baha başa gətirir.

Ümumi yanaşsaq, Rusiya “minimal qazanclar” üçün “fövqəladə qiymət” ödəyir və strateji məqsədlərinə çatmaqdan çoxdan uzaqdır. Rusiya iqtisadi artımın yavaşlaması, texnoloji geriliyin artması və xarici yardımdan (İran, Şimali Koreya) asılılığın artması ilə "tərəqqi edən gücdür".

Fərqlər

Amma bu da bir həqiqətdir ki, hücum edən tərəf olan Rusiya daha çox canlı qüvvə və texniki döyüş vasitələri itirir, xüsusilə dünya tərəfindən tətbiqlənən sanksiyaların da təsiri ilə, maliyyə ehtiyyatları əriyir, qlobal zəncirdən qopan istehsal müəssisələri iflas edir və sair.

Ukrayna ikiqat zərbələr alır. Rusiya can çəkdiyi bir vaxtda ayaqda qalmaq üçün Ukraynaya daha çox ziyan vurmağa çalışır. Ukrayna canlı qüvvə, hərbi-texniki vasitələr itirməklə yanaşı, həm də xalqın onillər boyu tikib-qurduğu şəhər və kəndləri, iqtisadi-sosial infrastrukturu sıradan çıxır. Xüsusilə sərt qış aylarında mübariz ukraynalıları diz çökdürməyə çalışan Moskva Ukraynanın enerji təsislərini hədəf almaqdadır. Bədbəxtlikdən, Ukrayna ərazisi kiçik olduğundan, başdan-başa Rusiya raket və PUA hücumlarının hədəfindədir. Bu da Ukrayna şəhərlərinin Rusiya ilə müqayisədə daha çox zərbə alıb dağılmasına şərait yaradır.

Bu yerdə qeyd edək ki, Rusiya ərazisinə görə, dünyanın ən iri dövləti olaraq, bu cür müharibələrdə öz hərbi infrastrukturunu mümkün hədəflərdən yayındırmaq potensialı kimi üstünlüklərə malikdir. Sonra da Ukrayna Rusiya ərazilərinə PUA hücumları edərkən, sadəcə, müharibəyə birbaşa təsiri olan hərbi və yanacaq-enerji resurslarını hədəf seçir. Rusiya isə əksinə, Ukrayna şəhərlərinə və dolayısı, sadə mülki əhaliyə qarşı amansız zərbələrdən yararlanaraq, feodalizmə məxsus müharibə üsullarını tətbiq edir.

İnsan faciəsi

Bu gün müharibə tərəfi olan hər iki ölkədə əhalinin bəlli səbəblərdən xaricə miqrasiyası da nəzərdən qaçmamalıdır. Həm də sadəcə qadın və uşaqlar, yaşlılar deyil, müharibədə iştirak etməmək üçün imkanlı gənc kişilər də xarici ölkələrə üz tutublar. Məsələn, Ukrayna uşaqlarının üçdəbirindən çoxu, yəni 2,6 milyon nəfərə yaxını müharibənin dördüncü ilinin tamamlandığı bu dövrdə vətəndən didərgin düşüb. Onlardan 791 mindən çoxu daxili köçkün, təxminən, 1,8 milyon nəfəri isə xaricdə qaçqın kimi yaşayır.

Uşaqlardan söz düşmüşkən, Ukraynada 24 fevral 2022-ci ildən bəri intensivləşdirilmiş uzunmənzilli zərbələr də daxil olmaqla, atəş nəticəsində 3200-dən çox uşaq həlak olub və ya yaralanıb.

Ukraynadan baxış

Ukrayna İntermarium İnstitutunun direktoru, politoloq Valentin Hayday bildirir ki, 2022-ci ilin əvvəlində Rusiyanın hücum ətaləti resursları var idi: müharibədən əvvəlki peşəkar ordu, sovet dövrünə aid əhəmiyyətli avadanlıq ehtiyatları, nisbətən bütöv zabit korpusu, böyük Qara Dəniz Donanması və tam istifadə olunmayan strateji aviasiya qruplaşması. O dövrdə yalnız sürət və kütlənin nəticələri təmin edəcəyi görünürdü.

“Dörd il ərzində bu potensial əhəmiyyətli dərəcədə aşındı. Əvvəlki formada peşəkar ordu, faktiki olaraq, mövcudluğunu itirdi - onun əsas hissəsi müharibənin ilk mərhələlərində tükəndi. Avadanlıq və personal itkiləri sistemli xarakter daşıyır. Qara dəniz donanması da qüvvələrinin bir hissəsini itirdi, baza və yerləşdirmə modelini dəyişdirməyə məcbur oldu. Strateji aviasiya hələ də vasitə olaraq qalır, lakin onun istifadəsi məhdudlaşıb. Rusiya səfərbərlik və müqavilə mexanizmi yarada bilib, lakin bu, keyfiyyət baxımından fərqli strukturdur – daha kütləvi, daha az peşəkar və uzunmüddətli resursların artırılmasından asılıdır”, – deyən cənab Hayday bildirib ki, 2022-ci ilin sonundan bəri ərazi dəyişikliklərinin nisbətən kiçik faizlərlə ölçülməsi də əhəmiyyətlidir. Bu, dərin əməliyyat irəliləyişinin ilkin gözləntilərinin gerçəkləşmədiyini, müharibənin ağır, yavaş təzyiq formatına keçdiyini göstərir.

“Ukrayna isə əksinə, sürətlənmiş hərbi transformasiyadan keçib. Ordu geniş döyüş təcrübəsi qazanıb, müasir sistemlərlə yenidən təchiz edilib, komandanlıq və nəzarət strukturunu yenidən qurub. Gərgin müharibədə praktik təcrübə baxımından Avropanın ən yaxşı hazırlanmış ordularından biridir. Psixoloji cəhətdən cəmiyyət ilk aylarda şok, qorxu və panika mərhələsindən keçib; bu gün bu dövlət artıq mövcud deyil. Müharibə ekzistensial şok deyil, çətin bir normaya çevrilib”, – politoloq bildirib.

Hayday əlavə edib ki, amma bu dayanıqlılığın mənfi tərəfi də var. Ukrayna ciddi demoqrafik böhran yaşayır: miqrasiya, itkilər, azalan doğum nisbəti və əhalinin struktur qocalmasınə misal göstərmək olar. Onun sözlərinə görə, iqtisadiyyat müharibə şəraitinə uyğunlaşıb, lakin xarici dəstəyə bağlı olaraq qalır. Müharibənin uzun sürən təbiəti həmişə səthi görünməyən, lakin obyektiv şəkildə toplanan daxili sosial gərginliklər yaradır.

“Beləliklə, 2022-ci ildə Rusiya ilkin hərbi potensiala üstünlük verib və sürətli cavaba ümid edib. 2026-cı ilə qədər bu ilkin resurs əsasən tükənib və münaqişə tükənmə döyüşünə çevrilib, Ukrayna hərbi sistem kimi keyfiyyətcə güclənib, lakin dərin demoqrafik və sosial çətinliklərlə üzləşib”, – Valentin Hayday fikrini tamamlayıb.