Ruslar almanlardan və yaponlardan daha optimistdirlər

11:30 17.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

FOM rəy sorğusu agentliyi Rusiya vətəndaşlarına “Yaxın 3-5 ildə ölkədə həyat necə dəyişəcək?” sualını verib. Respondentlərin 44 faizi “həyat yaxşılaşacaq” cavabını versə də, pessimistlər yüzdə 11-də qalıb.

Hafta.az-ın yazdığına əsasən, eyni sual qısa müddət üçün təkrarlandıqda optimistlərin nisbətinin yüzdə 31-ə qədər azaldığı görülür. Önümüzdəki aylarda həyatın daha da pisləşəcəyini düşünənlərin nisbəti 16 faiz, heç bir şeyin dəyişməyəcəyini düşünənlərin nisbətinin isə 34 faiz olduğu müəyyən edilib.

Sorğunu işıqlandıran “Nezavisimaya qazeta” FOM-un nəticələrini “Gallup International”ın analoji qlobal araşdırması ilə müqayisə edib. Gallup-un araşdırmasına görə, dünya əhalisinin 48 faizi iqtisadi imkanların yaxşılaşdığına dair fikirlərini bildirib. Pessimistlərin nisbəti 23 faiz olaraq qalıb.

Ölkədəki tərəqqiyə nikbin baxanların nisbəti Almaniya, Fransa, Yaponiya və İsveç kimi ölkələrdə Rusiyadan geri qalıb. Rusiyada yüzdə 44 olaraq ölçülən bu nisbət Almaniyada 31, Fransada 33, İsveçdə 28, Yaponiyada isə 14 faizdir.