Rusiya Federal Vergi Xidməti (FNS), ölkədən kənarda bank hesabı olan vətəndaşların sayının 539 min olduğunu açıqlayıb.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, həmin şəxslərə məxsus 1,8 milyon hesab məlumdur. FNS bu məlumatları digər ölkələrlə bağlanmış ikitərəfli müqavilələr çərçivəsində avtomatik olaraq əldə edir. Lakin qəzetə açıqlama verən vergi işçiləri son 2 ildə bu kanallar vasitəsilə məlumat əldə etməyin çətinləşdiyini bildiriblər.
FNS-nin qarşılıqlı məlumat paylaşdığı ölkələrin sayı 85-dir. Bu ölkələr arasında Türkiyə də var.
Qəzet xaricdə yerləşən hesabların sayının 164 faiz artdığına da diqqət çəkib. Lakin FNS mənbələrində bu artımın hansı ildə baş verdiyi barədə məlumat yoxdur.
FNS sonuncu dəfə 2021-ci ildə oxşar açıqlama verib və Rusiya vətəndaşlarına aid xarici hesabların sayı 700 min olaraq paylaşılıb.
RBC-yə danışan ekspertlər xatırladıblar ki, Rusiya vətəndaşları xaricdə işləyən Visa və Mastercard-ları əldə etmək üçün başqa ölkələrdə bank hesabları açmağa başlayıblar.