Bu il rusların xaricdə mənzil almaq tələbində önə çıxan ölkələr müəyyən edilib. Türkiyə kəskin enişlə ilk 5-liyə belə girə bilməyib.
Hafta.az-ın “Tranio” beynəlxalq daşınmaz əmlak broker şirkətinin məlumatına istinadən yazdığına görə, ən populyar ölkə Tailand olub. 2024-cü ilin yanvar-iyul dövründə Tailand rusların ümumi alışlarında 13,6 faiz payla birinci yerdədir. Bu dövrdə Tailanda tələb əvvəlki illə müqayisədə 65 faiz, 2022-ci ilə qədər isə 231 faiz artıb.
Gürcüstan Rusiyanın mənzil tələbinə görə ikinci yeri tutması ilə diqqəti cəlb edib. 2023-cü ildə altıncı yerdə olan Gürcüstan bu il 12,3 faiz payla əhəmiyyətli artım göstərib. Gürcüstanın bu yüksəlişinin arxasında bazarda daşınmaz əmlak alqı-satqısı həddinin aşağı olması (qiymətlər 35 min dollardan başlayır) və bir çox Rusiya vətəndaşının Gürcüstana köçməsi dayanır.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçüncü yerdədir. BƏƏ 7,8 faiz pay aldığı halda, keçən illə müqayisədə bu nisbət 23 faiz azalıb. Bu enişin səbəbi BƏƏ-də daşınmaz əmlak qiymətlərinin pik həddə çatması və bəzi investorların 2022-ci ildə layihələrdən çıxış strategiyalarını həyata keçirməsidir.
Türkiyə Rusiyada mənzil tələbində 5,8 faizlə altıncı yerdədir. Türkiyəyə tələb 2023-cü ilə nisbətən 32 faiz azalıb. Buna baxmayaraq, Türkiyə Fransa və İspaniya ilə birlikdə ən çox tələb olunan ölkələr sırasındadır. Türkiyədə orta ev alış büdcəsi 274 min avro olaraq ifadə edilərkən, Fransa və İspaniyada bu nisbət 400 min avroya qədər yüksəlir.
Bu ölkələrlə yanaşı, Kipr, İndoneziya və Çexiya da rusların mənzil almaq üçün üstünlük verdiyi ölkələr sırasındadır.
2024-cü ildən etibarən rusların xaricdə mənzil almaq məqsədləri də dəyişib. Rusların 30 faizi 2023-cü ildə xaricdə ev alarkən yaşayış icazəsi və ya vətəndaşlıq almağı hədəflədiyi halda, 2024-cü ildə bu nisbət 18,9 faizə düşüb. İnvestisiya məqsədilə satınalmalar 38 faizdən 72 faizə yüksəlib. Bu vəziyyət rusiyalı investorların yeni yerlərə və investisiya alətlərinə üz tutması ilə izah olunur. Tranio-nun həmtəsisçisi və idarəedici partnyoru Mixail Bulanov bildirir ki, bu tendensiya bazarda əhəmiyyətli dəyişikliklər yaradıb.
Başqa bir araşdırma bir qədər fərqli mənzərəni ortaya qoyub: NF Group-un məlumatlarına görə, 2024-cü ilin birinci yarısında rusların ən çox mənzil tələb etdiyi ölkə BƏƏ olub. BƏƏ-ni müvafiq olaraq Macarıstan, Kipr və Tailand izləyib. Fransa dördüncü, İspaniya və Türkiyə isə beşinci yeri bölüşdülər. NF Group bildirir ki, 2023-cü ilin ilk yarısında ən çox tələb olunan ölkə Türkiyə, ikinci yerdə BƏƏ, üçüncü yerdə isə Kipr gəlir. NF Group vurğulayır ki, rusların mənzil tələblərindəki bu dəyişikliklər, xüsusilə investisiya məqsədilə satınalmaların artması ilə paralel olaraq baş verir.